Məşhur idman avtomobilləri istehsalçısı olan Ferrari şirkəti FF modelinin sələfini təqdim etmişdir. Ferrari GTC4 Lusso adını almış dördyerli superkarın rəsmi təqdimat mərasimi gələn ayın əvvəllərində işinə başlayacaq Cenevrə avtomobil salonunda baş tutacaqdır. Yeni avtomobil italyan istehsalçısının 330 GTC, 330 GT və 250 GT Berlinetta Lusso modellərinin şərəfinə adlandırılmışdır. Ferrari nümayəndələrinin bildirdiyinə görə, adı çəkilən avtomobillər, şirkətin yaradıcısı «Komendatore» ləqəbli Enzo Ferrarinin ən sevdiyi modellər olmuşdurlar. Bundan əlavə, avtomobilin adındakı «4» rəqəmi onun tam ötürməli çəkiş sistemi ilə təchiz edildiyinə işarə edir.
Yenilənmiş superkar təkmilləşdirilmiş 6,3-litlik on iki silindirli atmosfer mühərriki ilə təchiz edilir. Mühəndislərin etdiyi yeniliklər sayəsində mühərrikin gücü 20 at qüvvəsi artaraq 680 at qüvvəsi təşkil etmişdir. Mühərrikin maksimal fırlanma anı 697 Nm təşkil edir ki, bununda 80 faizi artıq 1750 dövr/dəqiqədə əl çatandır.
Superkar saatda 100 kilometr sürətini 3,4 saniyəyə toplayır ki, bu da əvvəlki modelə nisbətən 0,3 saniyə daha tezdir. Avtomobilin maksimal sürəti əvvəlki həddə - 335 km/saat olaraq qalır. Ferrari GTC4 Lusso’nun ağırlığı 1790 kiloqram təşkil edir. Avtomobilin oxlar arasında olan çəki nisbəti 47:53-dir. Superkar həmçinin tam idarəolunan şassi və yandan sürüşmələrə nəzarət edən Slip Side Control sistemi ilə təchiz edilir. Sonuncu sistem elektronika ilə idarə edilən differensial və aktiv amortizatorlarla birlikdə çalışaraq onların fəaliyyətini tənzimləyir və yandan sürüşməyə nəzarəti təmin edir.
İtalyanların bildirdiyinə görə, avtomobil yaş və ya qarlı zəmində qeyri-adi idarəetməsi ilə seçilir.
Ferrari GTC4 Lusso yeni ön bamper, havalandırma dəlikləri, spoyler və təkmilləşdirilimiş diffuzorla təchiz edilmişdir ki, bu da kuzovun aerodinamik müqavimətini ciddi şəkildə azaltmağa imkan vermişdir.
Superkar həmçinin 10,25-düymlük sensorlu displeyi olan və Apple CarPlay əlavəsini dəstəkləyən multimedia sistemi ilə təchiz edilmişdir. Bundan əlavə, avtomobil yenilənmiş ön panel və idarəetmə elektronikasının rejimini dəyişən Manettino düyməsi olan kiçildilmiş sükan çarxı ilə komplektləşdirilir. Digər bir yenilik cihazların göstəricilərinin ön sərnişinin qarşısında yerləşən displeydə təkrarlanmasıdır.
Yeni avtomobil dinamik yüklənmələrin səviyyəsini ölçən və göstərməyə qadir olan sistemlə təchiz edilmiş ilk «Ferrari»dir.