Söhbət qısametrajlı filmdən getsə də, birincisi, bu film avtomobillər haqqındadır, ikincisi, orijinal filmin müəllifi Klod Leluşun özüdür.
Maranello istehsalçısının rəhbərliyi 1976-cı ilin “C'était Un Rendez-Vous“ (“Görüş“) filminin davamını çəkmək qərarına gəlib. Klod Leluşun çəkdiyi səkkiz dəqiqəlik romantik filmin baş qəhrəmanı görüşə tələsir və film demək olar ki, avtomobilin avqust səhərində Paris küçələrində şütüməsinin “onbord“ çəkilişidir. Qeyd etmək gərəkdir ki, qısametrajlı film avtomobil haqqında çəkilən filmlərin klassiki sayılır.
Əfsanəyə görə, filmin baş qəhrəmanı Paris küçələrində məhz Ferrari sportkarı ilə şütüyüb. Şayiələr görə, bu avtomobilin Ferrari 275 GTB modeli olduğu və onu o zamankı F1 pilotlarından birinin idarə etdiyi söylənilir. Lakin, Klod Leluş günlərin birində bu şayiələrə son verərək, 35 millimetrlik kameranın 6,9-litrlik mühərriki olan Mercedes-Benz 450 SEL modelinin ön bamperində bərkidildiyini, italyan “sauntrekinin“ isə sonradan lentə yazıldığını bildirib.
Buna baxmayaraq, Ferrari şirkəti əfsanəni həyata keçirmək qərarına gəlib. Filmin “ikinci hissəsində“ cərəyan edən hadisələr Parisdə deyil, Monakoda baş verəcəkdir. Filmdə Ferrari şirkətinin ən yeni superkarlarından olan SF90 Stradale çəkiləcək, avtomobilin sükanı arxasına isə Scuderia Ferrari komandasının monakolu pilotu Şarl Lekler oturacaqdır. Çəkilişlər Monako Qran Prisinin keçirildiyi küçələrdə aparılacaqdır.