Uzunmüddətli fasilədən sonra, Ferrari şirkəti V12 mühərriki ilə təchiz edilmiş möhtəşəm rodsteri təqdim edib. Bu gün italyan markası F8 Spider modelini təqdim etdiyi üçün, Ferrari 812 Superfast kupesinin əsasında yaradılmış rodsterin bir müddət sonra debüt edəcəyini gözləmək olardı.
Lakin, italyan markası işi sonraya saxlamamaq qərarına gəlib və Ferrari 812 GTS modelini bu gün nümayiş etdirib. Modelin adındakı GTS kəlməsi Gran Turismo Spider kimi açıqlanır. Rodster 800 at qüvvəsi və 718 Nm fırlanma anına malik olan 6,5-litrlik V12 mühərriki ilə hərəkətə gəlir. Ferrari 812 GTS modeli 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə, 8,4 saniyəyə sürətlənir. Rodsterin maksimal sürəti 340 km/saatdır.
Ferrari F8 Spider modelində olduğu kimi, qatlanan sərt tavanı 45 km/saat həddinə qədər sürətlərdə 14 saniyəyə açıb-bağlamaq olar. Kupe variantından 75 kq ağır olan rodsterin idarəetmə xüsusiyyətləri maqnitoreoloji amortizatorların yenidən tənzimlənməsi sayəsində kipedən fərqlənmir.
Əslində italyan mühəndislərinin qarşısında duran əsas vəzifə aerodinamikanın deyil, açıq tavanla hərəkət zamanı komfortun təmin edilməsi olub. Bu məsələni həll etmək üçün dizaynerlər avtomobilin arxa hissəsini əsaslı şəkildə işləyiblər.
Bundan başqa, avtomobil şüşədən hazırlanmış külək “qalxanına” sahib olub. Bu şüşə elektrik ötürməsi vasitəsi ilə qalxır və rodsterin sərnişinlərini akustik komfort ilə təmin edir. İtalyan markasının nümayəndələri ekranın V12 mühərrikinin möhtəşəm səsinin qarşısını almadığını və sərnişinlərin güc aqreqatının səsindən xüsusi həzz alacaqlarını bildiriblər.
Məlum məsələdir ki, rodster 812 Superfast modelinin elektron sistemlərini də qoruyub-saxlayıb. Ən güclü Ferrari rodsterinin satışlarının başlama tarixi hələlik səsləndirilməyib.