Ferrari şirkəti Purosangue adlanan ilk krossoverini təqdim etməyə hazırlaşır. Yeni krossover cari ilin sonuna qədər debüt etməlidir. İtalyan markası ilk dəfə deyil ki, özü üçün qeyri-adi seqmentə daxil olur, lakin o, xüsusi yol seçib: CarExpert nəşrinə müsahibə verən Ferrari şirkətinin top-meneceri Diter Knextel Purosangue modelinin tirajının məhdudlaşdırılacağını bildirib. Söhbət ciddi şəkildə təyin edilmiş nüsxə sayından deyil, superkarlarda olduğu kimi, istehsal həcminin tələbat səviyyəsindən az olmadından gedir.

Purosangue modeli üçün də, italyan markası buraxılmış hər bir avtomobilin dəyərini artıracaq marjinallıq və eksklüzivlik arasında balansı tapmalıdır. Ferrari artıq çoxdandır ki, bu prinsipə sadiqdir: bu prinsipi “Ferrari həmişə bazar tələbindən bir avtomobil az çatdıracaqdır” söyləyən şirkətin qurucusu Enzo Ferrari formalaşdırıb.

Bununla belə, Ferrari markasının satış həcmi tədricən artır. 2019-cu ildə şirkət tarixində ilk dəfə olaraq 10 mindən çox avtomobil satıb, keçən il isə yeni rekorda imza atıb - alıcılara 11.155 superkar çatdırılıb. Avropa, Yaxın Şərq və Afrika Ferrari avtomobillərinin ən böyük bazarları olaraq qalır və 2021-ci ildə burada 5.492 avtomobil satılıb ki, bu da keçən ilkindən 14% çoxdur.

Adı italyan dilindən tərcümədə “təmizqanlı” mənasını verən Purosangue krossoverinə gəlincə, o, önmühərrikli arxitektura üzərində inşa ediləcək və tənzimlənən asqıya və hibrid güc qurğusuna malik olacaqdır. Güc qurğusunun Ferrari SF90 Stradale modelindən götürüləcəyi də ehtimallar arasındadır. İtalyanlar kupeyəbənzər yeniliyi hətta krossover kimi təsnif etmirlər: onun üçün Ferrari Utility Vehicle mənasını verən yeni FUV sinfi icad edilib. Modelin debütü və onun istehsalının başlanması bu il gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.