Mercedes və Renault komandalarından sonra, Ferrari komandası da Liberty Media tərəfindən 2020-ci ildən sonra mühərrik reqlamentinə ediləcək dəyişikliklər barədə irəli sürülən təklifinə öz etirazını bildirib. Üstəlik, Ferrari Liberty Media rəhbərliyini Formula 1 çempionatını tərk etməklə hədələyib.
“Liberty Media-nın yaxşı ideyaları çoxdur. Onların xərcləri azaltmaq istiqamətində apardığı işlər mənim xoşuma gəlir, - “Autosport” nəşri Ferrari-nin prezidenti Sercio Markionnenin sözlərini dərc edib. – Lakin, elə təkliflər də vardır ki, biz onlar ilə razılaşa bilmərik. Məsələn, onlar müxtəlif istehsalçıların güc aqreqatlarını unikallıqdan məhrum etmək istəyirlər. Mən belə ideyaların qəti əleyhinəyəm.
Biz bu sahədə 2021-ci ildə həyata keçirilməsi nəzərdə tutulan inkişaf strategiyası ilə razı deyilik və bu Ferrari-ni bir sıra qərarlar qəbul etməyə məcbur edə bilər. Böyük ehtimalla, Liberty Media rəhbərliyi bunları nəzərə alıb. Lakin, onlar bir şeyi dəqiq bilməlidirlər: əgər brendi dəstəkləmək mümkün olmayacaqsa və Ferrari-nin unikal statusunu möhkəmləndirmək imkanlarından məhrum ediləcəyiksə, bu halda biz çempionatı tərk edəcəyik”.