Ferrari-nin ilk tam elektrik avtomobili Luce hələ seriya istehsalına başlamamış tarixə düşüb. Monterey Car Week çərçivəsində RM Sotheby’s tərəfindən keçirilən xeyriyyə hərracında modelin “Chassis 0” adlı xüsusi nümunəsi 40 milyon dollara satılıb. Bu nəticə yeni avtomobil üçün hərrac rekordudur və 2025-ci ildə 26 milyon dollara satılan Ferrari Daytona SP3-ün əvvəlki rekordunu geridə qoyub.

Burada söhbət standart Luce-dən getmir. “Chassis 0” Ferrari Design Studio və Tailor Made bölməsinin birgə hazırladığı, yalnız bir ədədlik xüsusi avtomobildir. Bu nümunə Luce-nin ilk istehsal şassisidir və adi seriya versiyasından fərqli olaraq xüsusi rəng, interyer materialları, təkərlər, əyləc supportları və digər fərdiləşdirmə elementləri ilə hazırlanıb. Seriya modelinin başlanğıc qiyməti təxminən 550 min avrodur

Luce Ferrari üçün texnoloji baxımdan da dönüş nöqtəsidir. Beşyerlik, dördqapılı model dörd elektrik mühərrikindən ibarət tam ötürücülü sistem əldə edir. Maksimal güc 1.050 at gücünə, maksimal sürət isə 310 km/saat səviyyəsinə çatır; WLTP üzrə yürüş ehtiyatı 350 km-dən çoxdur. 

Dizayn isə Ferrari-nin ənənəvi ikiqapılı berlinetta xəttindən ciddi şəkildə fərqlənir. Luce-nin kuzovu Ferrari Style Centre və LoveFrom tərəfindən hazırlanıb. Daha uzun və geniş siluet, beşyerlik salon və minimalist səthlər markanın elektrik dövrü üçün yeni istiqamət axtardığını göstərir. 

Modelin təqdimatı Ferrari həvəskarları arasında birmənalı qarşılanmasa da, tələbat gözləniləndən yüksək olub. Motor1-in məlumatına görə, Çində ilk 88 avtomobildən ibarət partiya qısa müddətdə satılıb. 

Lakin “Chassis 0” üçün hərrac qiymətini əsaslandıran məsələ təkcə onun Luce-nin ilk nümunəsi olması deyil. Hərracdan əldə edilən bütün məbləğ Ferrari Foundation vasitəsilə təhsil layihələrinə yönəldiləcək. Proqramlara Maranelloda yaradılması planlaşdırılan M-TECH Alfredo Ferrari Center və ABŞ-dakı təhsil təşəbbüsləri daxildir. 

Avtomobilin alıcısı isə uzunmüddətli Ferrari kolleksiyaçısı və xeyriyyəçi Herbert A. Wertheim olub. O, 2025-ci ildə 26 milyon dollarlıq Daytona SP3 hərracının da alıcısı idi. Beləliklə, Luce-nin ilk xüsusi nümunəsi Ferrari kolleksiyasının artıq diqqət çəkən bir hissəsinə çevrilib. 

Bu hadisənin Ferrari üçün əhəmiyyəti yalnız hərrac nəticəsi ilə ölçülmür. Luce markanın elektrik dövrünə keçidini təmsil edir, “Chassis 0” isə həmin keçidin ilk xüsusi simvoluna çevrilir. Seriya modelinin qiyməti ilə hərrac nəticəsi arasındakı böyük fərq də məhz bunu göstərir: burada kolleksiya dəyəri, nadirlik və xeyriyyə məqsədi texniki xüsusiyyətlər qədər vacibdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ferrari üçün yeni elektrik dövrünün başlanğıcı belə qeyri-adi şəkildə tarixə düşüb. Birinci Luce istehsal üçün yaradıldı. “Chassis 0” isə tarix üçün.

AUTOGRAPH NOTE

Ferrari Luce Maranello üçün texnoloji dönüşdür. “Chassis 0” isə göstərdi ki, Ferrari-də hətta yeni başlanğıcın da kolleksiya tarixçəsi ola bilər. Bəzən avtomobilin dəyəri onun bazardakı qiymətindən deyil, ilk olmasından yaranır.

© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.