Ferrari şirkəti 5 may tarixində keçirilməsi planlaşdırılan növbəti premyerası haqqında ilk məlumatları paylaşıb. Bu, önmühərrikli Ferrari 812 Superfast superkarının xüsusi bir versiyası olan superkardır. Təkmilləşdirmələrin miqdarı kifayət qədər ciddi olduğundan, avtomobilə başqa ad veriləcəkdir. Şayiələrə görə, yeni superkar 812 GTO və ya 812 Imola adlandırıla bilər. Hələlik isə, yeni superkarın şəkillərinə baxaraq həzz ala bilərsiniz.
Amma bəzi detallar da artıq məlumdur. Məsələn, 6,5-litrlik V12 atmosfer mühərrikinin gücü 830 at qüvvəsinə, dövrləri isə 9500 dövr/dəqiqəyə qədər artırılıb. Hər iki göstəricini Ferrari üçün rekord saymaq olar. Bu günə qədər italyan markasının önmühərrikli model çeşidində ən güclü superkarlar 810 at qüvvəli Monza SP1/SP2 əkizləri olub.
İstehsalçının bildirdiyinə görə, Ferrari stil mərkəzinin əməkdaşları və aerodinamika üzrə mütəxəssisləri yol avtomobili üçün misilsiz təkmilləşdirmələrə nail olublar. Bunun üçün onlar ön bamperdəki hava girişlərinin formasını dəyişdirməli, bamperin kənarlarına kiçik “üzgəclər” əlavə etməli, diffuzoru yenidən işləməli və buraxılış traktının konfiqurasiyasını təkrar nəzərdən keçirməli olublar.
Ancaq ən başlıcası isə, arxa pəncərənin yerinə quraşdırılmış burulğan generatorları ilə təchiz olunmuş alüminium örtük, habelə kapotda quraşdırılan və avtomobilin ümumi nisbətlərinin mənimsənilməsini dəyişdirən bumeranq formalı köndələn zolaqdır.
Tam idarə olunan şassi yenidən işlənib: avtomoblin bütün təkərlərin müstəqil dönmə sistemini alacağı elan edilib! SSC (Side Slip Control) sistemi 7.0 versiyaya qədər təkmilləşdirilib. Xatırladaq ki, adi Ferrari 812 Superfast kupesi bu sistemin beşinci versiyasına malikdir. Karbonplastikdən geniş istifadə sayəsində avtomobil orijinal 812 Superfast modelindən daha yüngül olub.
Bütün bunlar, əlbəttə ki, superkarın dinamikasına təsir göstərəcəkdir. Yeri gəlmişkən, 800 at qüvvəli Ferrari 812 Superfast modelini heç də yavaş adlandırmaq olmaz: superkar 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 340 km/saatlıq maksimal sürət həddinə malikdir.