Ferrari şirkəti bu il yeni V12 mühərrikilə hərəkətə gələn "inqilabi" modeli təqdim edəcəyini açıqlayıb. Elan, təəssüf ki, mühərrikin özündən başqa bir şeyin göstərilmədiyi qısa videoçarx ilə müşayiət olunur. Hələlik “inqilabçı” haqqında təfərrüatlar açıqlanmayıb, lakin italyan istehsalçısı bizə mülahizə yürütməyə imkan verəcək bir neçə işarəni ortaya qoyub. Belə ki, Ferrari şirkətinin media saytındakı qısa press-reliz “The Heart of a Thoroughbred” başlığı ilə dərc edilib ki, bu da ingiliscədən “Safqanlının ürəyi” kimi tərcümə olunur.
Bu, Ferrari markasının çoxdan gözlənilən ilk krossoverinin Purosangue ("Safqanlı") adına açıq-aydın işarədən başqa bir şey deyil. Bundan əlavə, yeni modelin “oyun qaydalarını dəyişəcəyi”, yəni prinsipial olaraq yeni bir avtomobil olacağı bildirilib. Nəhayət, təyin olunmuş təqdimat müddəti də üst-üstə düşür: şirkət hələ fevral ayında Ferrari Utility Vehicle sinifindən olan avtomobilin 2022-ci ildə buraxılacağnı bildirmişdi.
Çox güman ki, yeni V12 mühərrikini Ferrari Purosangue modelinin top versiyası alacaqdır. Çox güman ki, italyan krossoveri Ferrari 296 modelində istifadə olunan 3,0-litrlik V6 mühərrikinə və Ferrari SF90 Stradale 4,0-litrlik V8 biturbo mühərrikinə əsaslanan hibrid güc qurğuları ilə də təklif ediləcəkdir. Birinci halda hibrid qurğunun ümumi hasilatı 830 at qüvvəsi, ikinci halda isə, 1000 at qüvvəsi təşkil edir.
İlkin məlumatlara görə, krossover yeni ön ötürməli platformada inşa ediləcək, pnevmatik asqıya və tamölçülü dördyerlik salona sahib olacaqdır. Əslində, yeni model dolayı yolla iki il istehsalına son verilmiş GTC4Lusso şutinq breykinin əvəzləyicisi olmalıdır. Hazırda sərəncamımızda krossoverin bir rəsmi tizeri və top-menecerlərdən birinin onun tirajının məhdududiyyətsiz olmayacağına dair təminatı var – hər şey eksklüzivliyi qorumaq naminədir.
Çox güman ki, Purosangue modeli V12 mühərriki ilə hərəkətə gələn sonuncu yeni Ferrari olmayacaqdır. Oxşar mühərrik 812 Superfast superkarının varisinə də verilməlidir, yeni superkarın erkən prototipi keçən ay İtaliyadakı treklərin birində aşkar edilib. Bundan əlavə, Icona xəttindən olan gələcək limitləşdirilmiş modellər də V12 mühərrikinə malik olacaqlar. Bu, artıq italyan markasının gələcək inkişaf planlarında öz əksini tapıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.