Ferrari markasının ilk krossoverinin… üzr istəyirəm, FUV (Ferrari Utility Vehicle) sinifinə aid olan ilk modelinin təqdimatının sentyabr ayında keçiriləcəyi çoxdan məlum idi. Bu gün isə, italyan istehsalçısı təqdimatın keçiriləcəyi dəqiq tarixi açıqlayıb - Ferrari Purosangur modeli 13 sentyabr tarixində işıq üzü görəcəkdir. Bu barədə sosial şəbəklərdə yayımlanan tizerdən məlum olur.

Tündləşdirilmiş şəkildə yeni modelin LED optikasının elementlərini görmək olar. Vəssəlam. Bu baxımdan Purosangue modelinin mart ayında dərc edilmiş ilk rəsmi şəkli daha çox informativdir. 

Adı italyan dilindən tərcümədə “təmizqanlı” mənasını verən Purosangue krossoverinə gəlincə, o, önmühərrikli arxitektura üzərində inşa ediləcək, beşqapılı kuzova, dördyerli salona, tənzimlənən asqıya və hibrid güc qurğusuna malik olacaqdır. Güc qurğusunun Ferrari SF90 Stradale modelindən götürüləcəyi də ehtimallar arasındadır.

İtalyan markası ilk dəfə deyil ki, özü üçün qeyri-adi seqmentə daxil olur, lakin o, xüsusi yol seçib: CarExpert nəşrinə müsahibə verən Ferrari şirkətinin top-meneceri Diter Knextel Purosangue modelinin tirajının məhdudlaşdırılacağını bildirib. Söhbət ciddi şəkildə təyin edilmiş nüsxə sayından deyil, superkarlarda olduğu kimi, istehsal həcminin tələbat səviyyəsindən az olmadından gedir.

Purosangue modeli üçün də, italyan markası buraxılmış hər bir avtomobilin dəyərini artıracaq marjinallıq və eksklüzivlik arasında balansı tapmalıdır. Ferrari artıq çoxdandır ki, bu prinsipə sadiqdir: bu prinsipi  - “Ferrari həmişə bazar tələbindən bir avtomobil az çatdıracaqdır”, - söyləyən şirkətin qurucusu Enzo Ferrari formalaşdırıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.