Ferrari komandası Red Bull Racing komandasının 2018-ci il mövsümü üçün olan mühərrik reqlamentinə dəyişiklik cəhdini yerlə yeksan edib.

"Autosport" nəşrinin bildirdiyinə görə, Strateji qrupun Braziliya Qran Prisi öncəsi keçirilmiş görüşündə, Red Bull Racing komandasının rəhbəri Kristian Horner gələn il üçün dörd mühərrik limitinin saxlanması təklifi ilə çıxış edib. Bildiyimiz kimi, gələn ilin reqlamenti mövsümdə istifadə ediləcək mühərriklərin sayının üçə endirilməsini nəzərdə tutur.

Lakin, Ferrari rəhbərliyi belə təklifə qarşı çıxacağını açıq-aydın bildirib. İtalyanlar öz etirazlarının səbəbini yeni reqlamentə uğğun olan mühərrikin yaradılması üçün çox vaxt və vəsait sərf etdikləri ilə açıqlayıblar. Ferrari mövqeyini ortaya qoyduqdan sonra məsələ bağlanıb, çünki dəyişikliyin edilməsi üçün bütün komandaların yekdil razılığı gərəkdir.