Top Gear dərgisinin baş redaktoru Cek Riks öz tvitində yeni təqdim edilmiş Ferrari Roma modelinin açarının şəklini dərc edib. Tvitə yazılan sərhlərdə sosial şəbəkənin istifadəçiləri yekdilliklə açarı lağa qoyublar. Onlar açar-breloku suvenir dükanında satılan maqnit ilə müqayisə ediblər.
Açarın bir tərəfi ovuca yerləşən və firma loqotipi təsvir edilən metal düzbucaqlı şəklindədir. Açarın əks tərəfi isə dəri ilə örtülüb və qapıları açıb-bağlamaq üçün düymələrə malikdir. Həqiqətən də, şaha qalxan atın təsvir olunduğu tərəf ucuz suveniri xatırladır və mini taçpadı olan BMW brelokunun yanında miskin görünür.
Cek Riksin tvitinə yazılan şərhlərdə Ferrari açarını ucuz alışqana, soyuducuya yapışdırılan maqnitə və avtomobildən qoparılmış emblemə bənzədiblər. Şərh yazanların əksəriyyəti qurğunu zövqsüz adlandıraraq, - “çətin ki, kimisə barda bu açarla lovğalansın”, - deyə bildiriblər..