Eksklüziv kabriolet yeni salon tərtibatı və dekorasiya variantlarını nümayiş etdirmək üçün Modenadakı Enzo Ferrari Muzeyində sərgilənəcək. Onların arasında dəri və rezin qarışığından, mənşəyi məlum olan ağacdan və qumdan hazırlanmış üzlük materialları var.
Enzo Ferrari Muzeyindəki Ferrari One of a Kind sərgisinin ekspozisiyası yeni eksponatla - Tailor Made bölməsinin hazırladığı Roma Spyder kabrioleti ilə tamamlanıb. Əslində eksklüziv spayder fərdiləşdirmə proqramının imkanlarını deyil, innovativ istehsal üsullarını nümayiş etdirir - və həqiqətən onlar çoxdur. Məsələn, oturacaqların üzlənməsi üçün material köhnə təkərlərin emalından alınmış rezinin və dərinin nazik zolaqlarından toxunur, kapotun üzərindəki qiblənuma və Maranellonun coğrafi koordinatları lazerlə həkk olunub.
Salonun tərtibatı üçün xrom olmadan aşılanmış dəri və mənşəyi asanlıqla izlənilə bilən ağacdan istifadə edilib. Bununla belə, ən zərif element mərkəzi konsoldakı dekorativ bəzəkdir – o, Maranellodakı zavodun tökmə sexindəki formalardan çıxarılan qəlibləmə qumundan hazırlanır. Montblanc firması eksklüziv spayder üçün platinlə örtülmüş qızıldan perosu olan Oro Mida rəngində qələmi buraxıb. O, spayderin interyer tərtibatında istifadə edilən Rosso Bologna və Pelle Metalizzata Oro Mida dərisi ilə örtülmüş bloknot ilə birlikdə çatdırılır.
Texniki hissədə heç bir dəyişiklik yoxdur. Kabriolet dörd dəfə International Engine of the Year müsabiqəsinin qalibi gəlmiş 3,9-litrlik V8 turbomühərriki ilə təchiz olunur. Transmissiya - iki muftalı səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusudur. Aqreqatın hasilatı 620 at qüvvəsi və 760 Nm fırlanma anı təşkil edir. Kabriolet 100 km/saata 3,4 saniyəyə, 200 km/saata isə, 9,7 saniyəyə sürətlənir. Maksimal sürət - 320 km/saatı keçir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.