Bazar günü Sinqapurun Marina Bey avtodromunda keçirilmiş yarışın qalibi Ferrari komandasının pilotu Sebastyan Fettel olub. Bu alman pilotun bu mövsümdə qazandığı ilk qələbəsidir. Fettel erkən pit-stop sayəsində komanda yoldaşı Şarl Lekleri qabaqlamağa müvəffəq olub. Podiumun son pilləsinə Red Bull Racing komandasının hollandiyalı pilotu Maks Ferstappen qalxıb.
Marina Beydə ötmə etməyin çox çətin olduğuna görə, qələbənin taleyini strategiya həll edir. Startda ilk altılıq yerlərini qoruyub. Üçüncü yerdə yarışı davam etdirən Fettel liderlərdən pit-stopa yollanan ilk pilot olub. Yeni şinlər sayəsində yüksək tempə malik olan alman pilot Həmilton və Lekleri qabaqlayıb. Komanda yoldaşından bir dövrə sonra pitə yollanan Lekler ikinciliklə barışmalı olub. Şarlın podiumdakı üz ifadəsi çox şeylərdən xəbər verirdi.
Mercedes strateqləri də onlardan gözləmədiyim səhvə yol veriblər. Alman komandasının strateqləri liderliyə yüksəlmiş Həmiltonu pitə çağırmaq əvəzinə, onu trekdə saxlamağı üstün tutublar. Çox güman ki, onlar təhlükəsizlik avtomobilinin çıxmasına ümid bağlayırdılar. Doğrudur, yarış ərzində Bernd Maylander üç dəfə peletona başçılıq etsə də, bu heç də Toto Volfun gözlədiyi zamanda olmayıb. Nəticədə, Həmilton nəinki Fettel və Lekleri, həmçinin Maks Ferstappeni də irəli buraxıb.
Yarışda üç dəfə təhlükəsizlik avtomobilinin trekə çıxmasına baxmayaraq ilk dördlük bu qaydada finiş xəttini keçib. Beləliklə, Fettel keçən ilin avqustundan sonra ilk qələbəsini qazanıb, Ferrari isə, Sinqapurda ilk dubl edən komanda olub. Üstəlik, bu dubl 2017-ci ilin Macarstan Qran Prisindən bu günə kimi olan ilk dubludur. Eyni zamanda, bu Scuderia-nın bu mövsümdəki ardıcıl üçüncü qələbəsidir.
İlk onluqda Valterri Bottas, Aleks Əlbon, Lando Norris, Pyer Qasli, Niko Hülkenberq və Antonio Covinazzi finiş görüblər.
Qeyd etmək lazımdır ki, yarışın birinci yarısı sakit tərzdə keçib. Artıq azarkeşlər cansıxı yarış işləyəcəkləri ilə barışsalar da, Romen Qrojan Corc Rasseli divara möhürləyərək təhlükəsizlik avtomobilinin trekə çıxmasına səbəb verib. Restartdan sonra Serxio Peresin ömrünü sizlərə tapşırmış bolidi yenidən Bernd Maylanderin trekə yollanmasını tələb edib. Daniil Kvyatla Kimi Rəykkonen toqquşması Maylanderin üçüncü dəfə peletona başçılıq etməsini tələb edib. Güman edirəm ki, yarış zamanı keçirilən «Günün pilotu» müsabiqəsinin qalibini Bernd Maylanderi elan etmək də olardı.
Bir çoxlarının Spa və Monzadan sonra, Sinqapurda Mercedes və Red Bull Racing komandalarının güclü olacağını güman etsə də, Ferrari komandasının buraya gətirdiyi yeniliklər effektli olublar. Avtomobillərinin zəif nöqtələrini aşkar edərək tədricən aradan qaldıran italyanlar, rəqiblərinin ənənəvi olraq güclü olduğu treklərdə də onlara meydan oxumağa hazırlaşırlar.