Ferrari şirkəti tarixindəki ən uğurlu yarış avtomobilləri hesab edilən 488 GT3 və 488 GT3 Evo modellərini yeni 296 GT3 kupesi ilə əvəz edəcəkdir. Texniki reqlamentə uyğun olaraq, avtomobilin aerodinamikası və güc qurğusu yenidən işlənib. Bundan əlavə, kuzovun strukturunda və asqı arxitekturasında da dəyişikliklər edilib. Nəticədə, Ferrari 296 GT3 sportkarı adi kupedən ciddi şəkildə fərqlənir.
Vizual olaraq, GT3 versiyası inkişaf etmiş aerodinamik kuzov dəsti ilə seçilir ki, bu da təkcə standart 296 GTB modeli ilə deyil, həm də sələfləri ilə müqayisədə yerəbasma qüvvəsini 20% artırmağa imkan verib.
Salon da təkmilləşdirilib - nəticədə çoxfunksiyalı sükan çarxında yerləşdirilən bütün idarəetmə orqanlarının optimal görünməsi və əlçatanlığı təmin edilib. Bundan əlavə, salonda çoxnöqtəli təhlükəsizlik kəmərləri olan Sabelt yarış oturacağı, yarışlar üçün mütləq olan bir sıra digər avadanlıqlar da quraşdırılıb.
Tənzimlənən sükan və pedal qoşağı istənilən boyda pilot üçün optimal əyləşməni tapmağa imkan verəcək, kondisioner sistemi isə uzunmüdddətli yarışlar zamanı rahat temperaturu təmin edəcəkdir.
Ferrari 296 GT3 modeli adi kupedən daha uzun təkər bazası, ikiqat köndələn qolları olan yenidən işlənmiş tənzimlənən asqısı, habelə tənzimlənən köndələn dayanıqlılıq stabilizatoru olan tamamilə yeni alüminium şassiyə əsaslanır.
Kupe yeni, daha səmərəli əyləcləri alıb, Rotiform şirkəti isə, Ferrari üçün yeni dizaynı olan diskləri hazırlayıb. Əsas dəyişiklik isə, sportkarın güc qurğusudur. Xatırladaq ki, adi Ferrari 296 GTB modeli MGU-K elektrik mühərriki ilə tamamlanan 3,0-litrlik V6 biturbomühərriki ilə təchiz edilir. Hibrid qurğunun ümumi hasilatı 830 at qüvvəsi və 740 Nm fırlanma anı təşkil edir.
Lakin GT3 kateqoriyasının qaydaları benzin-elektrik qurğularının istifadəsinə icazə vermir. Odur ki, 296 GT3 modeli uzun illərdən sonra, V6 mühərriki ilə hərəkətə gələn ilk Ferrari yarış avtomobilidir. Yarış avtomobili üçün, 600 at qüvvəsi və 710 Nm hasil edən mühərrikin yerləşməsi sxemi dəyişdirilib, gücü və etibarlılığı artırmaq üçün onun daxili xüsusiyyətləri də optimallaşdırılıb.
Mühərrik sükanltı dəstəkləri olan 6-pilləli Xtrac sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Ferrari şirkətindən bildirildiyinə görə, 296 GT3 artıq sınaqlar zamanı on minlərlə kilometr məsafə qət edib və onun yarış debütü 2023-cü ilin yanvarına planlaşdırılıb - Ferrari 296 GT3 ilk dəfə ABŞ-da keçirilən “Daytonanın 24 saatı” marafonunda Pro kateqoriyasında çıxış edəcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.