Ferrari şirkəti həmişə ortamühərrikli kiçik modellərinin həyat dövrünün ortalarında daha qabaqcıl və sürücüyönümlü versiyalarını buraxır. Belə modifikasiyalar 360 Challenge Stradale, 430 Scuderia, 458 Speciale və 488 Pista superkarları olub. İndi oxşar versiya Ferrari 296 GTB hibrid modelində də peyda olub. Bunlar bu ilin aprel ayında tərdim olunmuş 296 Speciale kupesi və 296 Speciale A rodsteridir.
Əvvəla, hibrid superkar baza versiyasından 50 at qüvvəsi daha güclü olub: indi güc qurğusunun ümumi gücü 880 at qüvvəsinə çatır. F163 modelindən olan 3,0-litrlik V6 biturbo mühərriki titandan sürgü qollarını, gücləndirilmiş porşenləri və yüngül dirsəkli valı əldə edib. Sıxılma nisbəti 7% artıb (9,4: 1-ə qədər), soyutma və yağlama sistemləri daha məhsuldar olublar, turbokompressorlar isə, əlavə istilik izolyasiyasını alıblar.

Silindr başlığının bərkidilməsi üçün titan boltlardan istifadə olunur. Nəticədə mühərrikin çəkisi 9 kiloqram azalıb, onun hasilatı 663 at qüvvəsi və 740 Nm-dən 700 at qüvvəsi və 755 Nm-ə yüksəlib.
Beləliklə 1 litrə düşən güc Ferrari 296 GTB baza versiyasındakı 221 at qüvvəsinə qarşı 234 at qüvvəsinə çatıb. Bundan əlavə, yenidən tənzimlənmiş buraxılış sistemi və digər rezonatorlar sayəsində mühərrik daha kəskin səsə malik olub.

Mühərrik və səkkiz pilləli preselektiv “robot” arasında yerləşən elektrik mühərriki də daha güclü olub: baza modelində 167 at qüvvəsinə qarşı 180 at qüvvəsi. Bununla belə, bu əlavə 13 at qüvvəsi yalnız yeni ekstremal Qualify idarəetmə rejimində əlçatandır.
Bundan əlavə, elektrik mühərriki ilə "robot" arasında qarşılıqlı əlaqənin yeni proqram təminatı sayəsində pillələrin dəyişdirilməsi daha da sürətlə baş verir, dartmadakı itkilər elektrik mühərriki tərəfindən kompensasiya edilir. 7,45 kilovat/saatlıq dartma batareyası standart olaraq qalıb.

Bütün bu yeniliklər, o cümlədən kuzov elementləri üçün karbonplastikdən geniş istifadə nəticəsində Ferrari 296 Speciale kupesinin quru çəkisi 60 kiloqram (1410 kiloqrama qədər) azaldılıb. Çıxarılan sərt tavana malik olan Speciale A rodsterinin daha ağır olacağı gözlənilir: 1490 kiloqram. Kupenin gücünün çəkisinə nisbəti arxa ötürməli Ferrari modelləri üçün rekord göstəriciyə çatıb: 1,60 kq/a.q.
Doğrudur, dinamikada elə böyük dəyişiklik yoxdur: 100 km/saat sürətlənmə vaxtı - 2,8 (- 0,1 saniyə), 200 km/saat - 7,0 saniyə (- 0,3 saniyə) təşkil edir. Rodster 200 km/saatı 7,3 saniyəyə toplayır. Maksimal sürət ümumiyyətlə dəyişməyib: kuzov növündən asılı olmayaraq 330 km/saatdan çox.

Bununla belə, Ferrari 296 Speciale modifikasiyası dinamik xüsusiyyətləri ilə deyil, daha maraqlı idarəetmə və sürücünün prosesə cəlb olunması ilə diqqət çəkir. Ən azı, istehsalçının iddia etdiyi budur. Buna nail olmaq üçün asma sərtləşdirilib və klirens 5 millimetr azaldılıb.
Titan yaylardan istifadə olunur, Multimatic amortizatorlar isə, Ferrari 296 GT3 yarış avtomobilindən götürülüb. Nəticədə, 296 GTB baza modeli ilə müqayisədə yana əyilmələr 13% azalıb, yan sürətlənmələr isə, 4% artıb. 20 düymlük karbonplastikdən disklər xüsusi bişirilmiş Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilib.

Aerodinamika həm də idarəetmənin yaxşılaşdırılmasında böyük rol oynayır ki, bu da eyni zamanda, Speciale versiyasının orijinal avtomobilə nisbətən bütün xarici xüsusiyyətlərini müəyyənləşdirir, çünki onlar ciddi şəkildə funksionaldırlar.
Yeni ön hava yönləndiricisi hava girişlərinin artan sahəsinə və təkər tağlarındakı ucluqları olan inkişaf etmiş splitterə malikdir. Ön bölmənin qapağında əlavə hava kanalları peyda olub, onun mərkəzində isə, hava axınının bamperin mərkəzi hissəsindən çıxması üçün dəlik var. Bu həll yerəsıxma gücünü artırır və havanın bir hissəsini altlıqdan yayındırır.

Arxa tərəfdə iki yan antiqanad peyda olub ki, bu da yerəsıxma gücünü artırır və əlavə olaraq hava müqavimətini azaldır. Standart irəli çıxan spoyler saxlanılıb, lakin o daha sürətli elektrik ötürməsinə və əlavə aralıq mövqelərinə sahib olub. Yeni mühərrik bölməsinin qapağı və arxa bamperdəki inkişaf etmiş diffuzor da yerəsıxma gücünü artırmaq üçün işləyir.
Bütün bu təkmilləşdirmələr nəticəsində Ferrari 296 Speciale versiyası 250 km/saat sürətində 435 kiloqram yerəsıxma qüvvəsi hasil edir ki, bu da baza versiyasında olduğundan 20% çoxdur. Bundan əlavə, qarşıdan gələn hava axını ilə mühərrikin, transmissiyanın və əyləclərin yaxşılaşdırılmış soyudulması təmin edilir.
Superkarın salonunda da dəyişikliklər var. Məsələn, tutacaqların və audio sistemin dinamiklərinin dəyişdirilmiş düzülüşü olan yeni karbonplastik qapı panelləri peyda olub. Mərkəzi tunel həmçinin karbonplastikdən hazırlanıb və keçmiş Ferrari superkarlarının klassik mexaniki qutularının açıq mexanizmlərinə işarə edən transmissiyanın qeyri-adi selektoru də daxil olmaqla hündür idarəetmə konsoluna malikdir.
Xüsusi olaraq Ferrari 296 Speciale üçün spesifik yaşıl kuzov rəngi - Verde Nürburgring boyası hazırlanıb. Bundan əlavə, sifarişçinin istəyi ilə bir və ya iki uzununa zolaqlı və yan nömrəsi 00-dan 99-a qədər olan xüsusi boya sxemini də sifariş etmək olar. Ferrari 296 Speciale modelinin tirajına məhdudiyyət qoyulmayıb və artıq ona sifarişlər qəbul edilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.