Ferrari şirkəti 488 GTB modelinin "bərkgedən" modifikasiyasına həsr edilmiş videotizeri dərc edib. Böyük ehtimalla yeni modifikasiya 488 GTO (Gran Turismo Omologata) adlandırılacaqdır. Bir müddət bundan öncə, internet şəbəkəsində yeni superkarın cəsus fotoşəkilləri də peyda olmuşdur.
Bu model italyan markasının səkkiz silindrli mühərriki ilə təchiz edilən ən güclü mülki avtomobili olacaqdır. Superkar haqqında ilk məlumatı FerrariPhotoPage saytı dərc edib. Yeni superkar Ferrari 488 Challenge modifikasiyasının təkmilləşdirilmiş mühərrikini əldə edəcəkdir.
Beləliklə, 488 GTO superkarı 700 at qüvvəsi hasil edən 3,9-litrlik V8 turbomühərrikinə sahib olacaqdır. Eyni zamanda, təkmilləşdirilmiş mühərrik sələfindən 10% yüngül olacaqdır. GTO modeli digər Ferrari modellərinə nisbətən daha çox karbondan hazırlanmış detallara sahib olacaqdır. Avtomobilin kapotu, bamperləri, arxa spoyleri, cihazlar paneli və mərkəzi tonneli karbonplastikdən hazırlanacaqdır. Yeni kuzov dəsti elementləri sayəsində superkarın aerodinamik göstəriciləri 20% yaxşılaşacaqdır.
Bundan başqa, superkar yüngülləşdirilmiş interyerə, alüminium döşəməyə, standart diskərdən 40% yüngül olan təkər disklərinə, Michelin Sport Cup 2 şinlərinə və aktiv arxa antiqanada sahib olacaqdır. Üstəlik, modelin sükan çarxının və transmissiyasının tənzimləmələri adi 488 GTB modelindən fərqlənəcəkdir.