Ferrari şirkətinin və FCA alyansının başçısı Sercio Markionne Ferrari superkarlarını Lamboghini modellərinə nisbətən daha eksklyuziv olduğunu bildirmişdir. O, belə bir bəyənatla Cenevrə avtosalonunda «Car» dərgisinə müsahibə verən zaman söyləmişdir.

Markionnenin fikrinə görə, insanlar Lamborghini avtomobillərini Ferrari modellərini almaqda çətinlik çəkdikləri üçün seçirlər: «Mənim Stefano Domenikaliyə (Lamborghini şirkətinin başçısı) böyük hörmətim var. Lakin, bir çoxları Ferrari avtomobillərini əldə edə bilmədikləri üçün Lamborghini alırlar». Çox güman ki, Markionne bir sıra unikal Ferrari modellərinin alınmasına şirkət tərəfindən qoyulan məhdudiyyətləri nəzərdə tutubmuş. Misal üçün, Ferrari LaFerrari hibridinin alınması üçün şirkət rəhbərliyinin xüsusi razılığı gərəkdir. Həmçinin, həmin şəxsin bir neçə Ferrari avtomobilinə malik olması şərtdir.

Həmin müsahibə zamanı Ferrari şirkətinin başçısı istehsal planları barədə də məlumat vermişdir. Onun sözlərinə görə, 2017-ci ildə italyan istehsalçısı 2016-cı ildə nisbətən daha çox avtomobil satmağı planlaşdırır. Bununla belə, istehsal həcmi 8500 nüsxədən çox olmayacaqdır. Eyni zamanda, Markionne turboüfürməli V12 mühərriklərinin və mexaniki ötürmələr qutusu olan modellərin buraxılmayacağını da bildirmişdir. O, belə avtomobillərin buraxılacağı ehtimalının 0 bərabər olduğunu söyləmişdir. Markionne V12 mühərriklərinin hibrid sistemlərin tərkib hissəsi olacağını bildirmişdir.