Ferrari avtomobilləri qırmızı rəngin çalarları ilə assosiasiya edilirlər. Onlardan ən başlıcası Rosso Corsa rəngidir. "Yarış qırmızısı" 1920-ci ildən başlayaraq İtaliyanın yarış rəngi hesab olunur - bu ölkənin komandalarının yarış avtomobilləri məhz qırmızı rəngə boyanırdılar.

Sonradan Ferrari şirkəti bu rəngi özünün firma rəngi elan edib. Müxtəlif Ferrari modelləri üçün nəzərdə tutulmuş qırmızı rəngin çoxsaylı variantlarının olmasına baxmayaraq, avtomobil istehsalçısının palitrasına daha bir qırmızı rəngin əlavə edilməsində heç də təəccüblü bir şey yoxdur. Üstəlik, bu rəng də yarışlarla əlaqədardır.

Formula 1 çempionatının 2022-ci il mövsümü üçün hazırlanmış yeni Ferrari bolidi F1-75 adlandırılıb. İtalyan markasının 75 illik yubileyi şərəfinə adlandırılmış bolid 17 fevral tarixində təqdim edilib. Yeni bolidin firma livreyası dəyişib - əsas qırmızı rəng tündləşib,ağ elementlər demək olar ki, yoxa çıxıb, qara rəng isə çoxalıb.

Bolid uğurlu alınıb. Bəhreyndə keçirilən ilk mərhələdə monakolu Şarl Lekler yarışın qalibi olub, ispaniyalı Karlos Saynz isə Saxir trekindəki finiş xəttini ikinci keçib - Ferrari üçün bu 2019-cu ildən bəri əldə edilən ilk qələbə və dubl olub.

Ola bilsin ki, şirkət bu uğuru (italyan komandası yeni texniki reqlamentə əsəsən keçirilən Formula 1 çempionatının ilk Qran Prisində qalib gəlib) seriya avtomobillərində təsbit emək qərarına gəlib. İtalyan brendinin yol avtomobillərinin palitrasındakı yeni tutqun tünd qırmızı rəng qalib Ferrari bolidinin şərəfinə Rosso F1-75 Opaco adlandırılıb.

Ümumilikdə, Ferrari çeşidindəki qırmızı rəngin yeddi variantı var və yalnız yeni Rosso F1-75 Opaco bütün modellər üçün əlçatandır - 812 (GTS, Competizione, Competizione A), 296 GTB, SF90 (Stradale və Spider), F8 (Tributo və Spider), Roma və Portofino M, eləcə də məhdud saylı Daytona SP3 modelini tutqun qırmızı rəngə boyamaq olar. Rosso F1-75 Opaco rəngini 2022-ci ildə təqdimatı gözlənilən Purosangue krossoveri üçün də təklif ediləcəyi ehtimal olunur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.