Məşhur italyan sportkar istehsalçısı olan Ferrari şirkəti, Almaniyanın Essen şəhərində keçirilən Techno-Classica sərgisində xüsusi sifarişlər ilə məşğul olan Tailor Made bölməsinin hazırladığı California T modelini təqdim etmişdir. Xüsusi modifikasiya məşhur ifaçı Erik Kleptona məxsus olan Ferrari 250 SWB (short-wheel base) avtomobilinə həsr edilmişdir. Tailor Made bölməsinin mütəxəssisləri California T avtomobilini xüsusi boz Grigio Scuro rənginə boyamış və Rosso Corsa yarış zolaqları ilə təchiz etmişdir. Bu rənglərin hazırlanması zamanı klassik avtomobilin orijinal boyalarının nümunələrindən istifadə edilmişdir.

Avtomobilin interyerinin tərtibatında da klassik avtomobilin salon tərtibatına bənzər rəng çalarlarından istifadə edilmişdir. Misal üçün, sportkarın oturacaqlarının üzlənməsi üçün istifadə edilən sumaxı rəngli dərinin fakturası klassik avtomobillərdə istifadə edilən dərini xatırladır.

Ferrari mütəxəssisləri təkcə avtomobili interyer və eksteryerinin tərtibatı ilə kifayətlənməmişdirlər. Onlar sportkarı, Cenevrə avtomobil salonunda təqdim edilmiş və xüsusi tənzimləmələr səyasində sürüş xarakteristikalarını yaxşılaşdıran Handling Speciale dəsti ilə də təchiz etmişdirlər. 

Bu xarakteristikalardan həzz almaq üçün sadəcə Manettino düyməsini Sport rejiminə keçirmək lazımdır. Handling Speciale dəstinin tərkibinə təkmilləşdirilmiş asqı yayları, daha sərt xarakteristikalı amortizatorlar və xüsusi səsi olan buraxılış sistemi daxildir.

Bu dəstin tərkibinə həmçinin, eksteryer elementləri də daxildir ki, bunlara misal olaraq, Grigio Ferro Met rəngli radiator barmaqlığı toru, qara tutqun rəngə boyanmış diffuzor və səsboğucu sistemin qara rəngli boruları daxildir. Salonda quraşdırılmış xüsusi lövhəcik avtomobilin HS dəsti ilə təchiz edildiyinə işarə edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt