Ferrari növbəti beş il üçün inkişaf strategiyasını açıqlayıb. Yeni strategiyaya əsasən, 2026-cı ilin sonuna qədər 15 yeni model təqdim ediləcəkdir, lakin bu saya eyni avtomobillərin müxtəlif kuzov növləri və güc qurğuları ilə təchiz edilmiş variantları da daxildir. Ancaq bu on beş avtomobilin arasında şirkət üçün həqiqətən də vacib olan üç avtomobil var.
Artıq bu ilin sentyabrında italyan markasının ilk krossoveri olan Ferrari Purosangue modelinin debütü baş tutacaqdır. Şirkətin ilk krossoverinin V12 mühərriki ilə təchiz ediləcəyi rəsmən təsdiqlənib. O da bildirilib ki, krossover şirkətin ümumi satışlarının 20 faizə qədərini təşkil edəcəkdir: hətta, böyük tələbata malik olan krossoverlə belə Ferrari satış rekordlarının ardınca qaçmaq fikrində deyil - eksklüzivliyi qoruyub saxlamaq italyan istehsalçısının prinsipial mövqeyidir. Digər lüks brendlərin krossoverlərinin nə qədər uğurlu olduğunu nəzərə alsaq, Purosangue modelinə növbənin bir neçə il müddətinə uzanacağını söyləmək olar.
2026-cı ilə qədər olan dövrdə Ferrari F40, F50, Enzo və LaFerrari modellərinin işini davam etdirəcək yeni flaqman superkarı işıq üzü görəcəkdir. Debütün dəqiq tarixi açıqlanmayıb, lakin şirkət ən bahalı Icona və Supercar seriyalarından olan avtomobillərin satışlarının 5 faiz, Special Series modellərinin isə təxminən 10 faiz təşkil edəcəyini qeyd edib.
Ferrari markasının ilk seriya elektromobilinin debütü 2025-ci ilə planlaşdırılıb. Üstəlik, bu modelin yaradılması tamamilə şirkətin özü tərəfindən həyata keçiriləcək və onun üçün elektrik mühərrikləri və dartma batareyaları müstəqil olaraq Maranellodakı baş müəssisədə hazırlanacaqdır. Bununla belə, hətta uzunmüddətli perspektivdə belə Ferrari daxili yanma mühərriklərindən imtina etməyəcəkdir. Plana əsasən, 2026-cı ildə satışın 40 faizini sırf benzinlə işləyən modellər, 60 faizini isə hibrid və elektromobillər təşkil edəcəkdir. 2030-cu ilə qədər benzinlə işləyən avtomobillərin payı 20 faiz, elektrikləşdirilmiş modellərin isə, 80 faiz təşkil edəcəkdir
Maranellodan olan superkarlar da avtopilota sahib olacaqlar, lakin ən sadə avtopilot beş mümkün səviyyədən “genişləndirilmiş” ikinci səviyyədə olaacaqdır. Belə sistem monoton hərəkət üçün faydalıdır, lakin italyanlarlar öz superkarlarını idarə etmək imkanını Ferrari sahiblərinin əllərindən tamamilə almayacaqlar.
Nəhayət, beşillik plan marjanı 38% səviyyəsində saxlamaqla maliyyə rifahını yaxşılaşdırmağı nəzərdə tutur. Əgər 2021-ci ildə Ferrari şirkətinin ümumi gəliri 4,27 milyard avro təşkil edirdisə, 2026-cı ildə bu rəqəm 6,7 milyard avroya qədər artmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.