Ferrari şirkəti WEC çempionatının yeni Le Mans Hypercar (LMH) kateqoriyası üçün hazırladığı yeni sportprototipin ilk şəklini dərc edib. İdman prototipinin sınaqlarına yaxın həftələrdə başlanacaqdır. Onun yarış debütü isə, gələn il, Ferrari zavod komandasının Le Man marafonunun ən yuxarı kateqoriyasındakı sonuncu çıxışından 50 il sonra baş tutacaqdır.

Ferrari hiperkarı yeni LMH (Le Mans Hypercar) sinfində “Le Manın 24 Saatı” yarışının mütləq birinciliyində yarışacaq və onun rəqibləri Toyota GR010 Hybrid, SCG 007 LMH, Peugeot 9X8 LMH və ByKolles Vandervell LMH sportprototipləri, habelə LMDh kateqoriyasının Cadillac, BMW və Porsche prototipləri olacaqdır.

Qeyd etmək gərəkdir ki, italyanların son LMP prototipi 1994-cü ildən 2003-cü ilə qədər çıxış edən Ferrari 333 SP sportprototipi olub. Xatırladaq ki, Ferrari zavod komandası 49 ildir ki, Le Manın ən yuxarı kateqoriyasında təmsil olunmur.

Ferrari 333 SP

LMH sinfində istehsalçılara LMDh sinifi ilə müqayisədə daha çox sərbəstlik verilir. Bu kateqoriyada istehsalçılara dördtaktlı benzin mühərriklərindən istifadə etməyə icazə verilir, lakin silindrlərin yerləşdirilməsi və onların sayı reqlamentləşdirilmir.

Belə ki, ByKolles prototipi 700 at qüvvəli V8 atmosfer mühərriki, Peugeot 9X8 sportprototpi isə, 200 kilovatlıq (272 at qüvvəli) mühərrik-generator ilə tandemdə çalışan 680 at qüvvəli 2,6-litrlik V6 biturbo mühərriki lə təchiz ediləcəkdir. Toyota sportprototipinin hibrid sistemi Gazoo Racing bölməsinin 3,5-litrlik V6 biturbo aqreqatına əsaslanacaqdır.

Peugeot 9X8

LMDh prototiplərinin akkreditə olunmuş dörd şirkətdən (Dallara, Ligier, Multimatic və Oreca) birinin şassisi üzərində qurulmasına icazə verilir. Onlar eyni aerodinamikaya, inteqrasiya olunmuş Bosch motor-generatoru quraşdırılmış Xtrac ötürmələr qutusuna və Williams Advance Engineering batareyasına malik olmalıdırlar. Hibrid qurğunun gücü 500 kilovatdan (680 at qüvvəsi), avtomobilin çəkisi isə 1030 kiloqramdan çox ola bilməz.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.