Bottasın yarışdan çəkilməsi ilə trekə çıxan təhlükəsizlik avtomobili San Paolodakı yarışı trillerə çevirib və Braziliya Qran Prisinin sonluğunu inanılmaz edib. Təhlükəsizlik avtomobilinin trekdən çəkilməsindən sonra aləm bir-birinə qarışıb.
Bazar günü keçirilən yarışda Maks Ferstappen altıncı çempionluğunun sevincini yaşayan Lyuis Həmiltonu iki dəfə məyus etməyi bacarıb. Hətta, birinci pit-stopda Robet Kubitsanın mane olmasına baxmayaraq, gənc hollandiyalı altıqat çempionu haqlayaraq geridə qoymağı bacarıb. Qələbə uğrunda mübarizənin Həmilton və Ferstappen arasında gedəcəyini düşündüyümüz anda, Valtteri Bottasın yarışdan kənar qalması sakit tərzdə keçən yarışı trillerə çevirib.
Maks boksa Soft şinlərin arxasınca yollarıb. Bu restart zamanı on həlledici üstünlük verib – o, köhnə Medium şinləri ilə yarışan Həmiltonu keçərək, mövsümdəki üçüncü qələbəsinə doğru yollanıb. Restartda Aleks Əlbon da Fetteli arxada qoyub. Yarışa yeni həyəcanı öz aralarında mübarizə aparan Ferrari pilotları qatıblar - əvvəlcə Lekler Fetteli geridə qoyub, sonra isə Fettel komanda yoldaşına əks-hücuma keçib. Nəticədə, toqquşma baş verib və Ferrari pilotları tam tərkibdə yarışı tərk ediblər.
Bernd Maylander növbəti dəfə trekə çıxmalı olub. Bu zaman Lyuis Həmilton boksa yollanıb və Aleks Əlbon ilə Pyer Qasli keçilib. Pit-stopdan sonra Həmilton fransuz pilotu keçsə də, Əlbonla toqquşub. Bu toqquşma Red Bull Racing komandasını dubl qazanmaq şansından məhrum etsə də, Pyer Qasliyə ikinciliyə yüksəlməyə yardım edib. Fransız pilot Həmiltonun təzyiqlərinə baxmayaraq, finiş xəttini ikinci keçməyə müvəffəq olub.
Yarışdan sonra Əlbon ilə Həmiltonun toqquşmasını araşdıran hakimlər britaniyalı pilotun vaxtına 5 saniyə əlavə etməklə cəzalandırıblar. Nəticədə, dördüncü yerdə finiş görən Karlos Sayns Braziliya Qran Prisinin üçüncüsü elan edilib. Həmilton isə Saynsla yanaşı Kimi Rəykkoneni, Antonio Covinazzini və Daniel Rikkardonu da irəli buraxmalı olub və yeddinci yerdə qərarlaşıb. Bundan başqa, dünya çempionu iki cərimə xalına da layiq görülüb.
Lando Norris, Serxio Peres və Daniil Kvyat ilk onluğu tamamlayan pilotlar olublar. Braziliyadakı qələbə sayəsində Ferstappen pilotlar birinciliyində Şarl Lekleri keçərək üçüncülüyə yüksəlib.