Azərbaycan Qran Prisi bitsə də, Bakıdakı yarışda baş verən hadisələrin sədası hələ də müzakirə edilməkdədir. Formula 1 azarkeşlərinin qızğın mübahisələrinə səbəb olan Həmilton-Fettel qarşıdurması dünən yenə də Beynəlxalq avtomobil federasiyasında (FIA) araşdırma mövzusu olub.

FIA rəsmiləri Britaniya mətbuatının qaldırdığı vay-şüvəndən sonra bu məsələyə yenidən qayıtmalı olublar. Bir çoxlarının Formula 1 çempionatında əski zamanlardakı kimi qalmaqalların olmamasından şikayət edərkən, Fettelin emosional hərəkətlərinin yeni qalmaqalı körükləməsi Jan Todun xoşuna gəlməyib. Üstəlik də Fettelin Həmiltondan üzr istəməməsi FIA məmurlarının Sebastyanı «sındırmaq» arzusunu daha da gücləndirmişdir.

Sən demə Sebastyan gənclərə pis örnək ola bilər.

Bəs Ayrton Sennanın İrvayna vurduğu sillənin səsi bu gün də səsləndiyi halda, Bakıda qarşıladığımız dördqat dünya çempionu Alen Prostun elə həmin Senna ilə təkər-təkərə mübarizəsinin bu gün də azarkeşlər tərəfindən həsrətlə anıldığı bir anda, pilotları emosiyasız robotlara çevirmək arzusu nədir belə?

Bir çoxları, mən də daxil olmaqla, Həmiltonun bu hərəkəti məxsusi olaraq Fetteli «quyruğundan» atmaq üçün etdiyindən əminik. Məşhur Formula 1 pilotu Gerhard Berger də Fettelə qarşı haqsızlıq edildiyini bildirib. Onun sözlərinə görə, hər iki tərəf də cəza almalı idi.  Fetteli yarışın stüardları cəzalandırsa da, idman tanrıları haqq-ədaləti özləri bərpa ediblər. 

O ki, qaldı Fettelə dünən kəsilən FIA-nın tədbirlərində iştirak və təhlükəsizlik tədbirlərindən xaric edilmək cəzasına, mən nəticənin belə olacağından əmindim və sosial şəbəkələrdə də öz fikrimi bildirmişdim. Səbəbləri də əvvəlcədən məlum idi.

Natik Zərbəliyev demişkən - bu da ayrı söhbətin mövzusudur.