Fiat şirkəti yeni 500e elektrik hetçbekini təqdim edib. İtalyan istehsalçısının bildirdiyinə görə, Fiat 500e elektromobil olaraq tamamilə sıfırdan hazırlanıb. Əgər söylənənlər doğrudursa, elektriklə hərəkətə gələn “Çikvençentonun” tamamilə başqa bir platformada inşa olunduğunu ehtimal etmək olar. Bununla belə, dizaynerlər əfsanəvi modelin tanınan çöhrəsini qoruyub saxlamağa müvəffəq olublar.
Lakin, elektrokar ilə cari hetçbek arasında fərqlər də mövcuddur. Məsələn, elektromobilin ön hissəsinin tərtibatı dəyişdirilib: dizaynerlər firma loqotipini “500” nişanı ilə əvəzləyib, işıq texnikasını yeniləyib, damın dayaqlarını və arxa hissəni daha iri ediblər. Salonda 10,25-düymlük sensorlu displeyi olan Uconnect 5 multimedia sistemi, iqlim sisteminin yeni idarəetmə bloku, 7-düymlük virtual cihazlar paneli quraşdırılıb. Bundan başqa, mərkəzi konsolun tərtibatı yenidən işlənmiş, ön oturacaqların arasında yeni boks peyda olmuşdur.
Fiat 500e modelinin qabarit ölçüləri adi “Çikvençentoya” bənzər olsa da, elektrokarın uzunluğu 60 mm, təkər bazası isə 20 mm artıb. Beləliklə, yığcam avtomobilin sərnişinləri bir qədər geniş məkana ümid edə bilərlər. Modelin yardımçılar siyahısına adaptiv kruiz-kontrol, preventiv əyləcləmə sistemi, kor zonalara nəzarət və zolaqda saxlama finksiyaları daxil edilib.
Elektrokar 118 at qüvvəli elektromotor və 42 kilovat-saatlıq tutumu olan batareya ilə təchiz edilir. Fiat 500e modelinin güc qurğusu üç iş rejiminə sahib olub – Normal, Range və Sherpa. Sonuncu rejim enerjiyə ciddi şəkildə qənaət etmək üçün bir sıra sistemlərin funksiyalarını məhdudlaşdıra bilər. Elektrokar dolu batareya ilə 320 kilometr yürüş etmək iqtidarındadır. Avtomobilin batareyasının məişət elektrik şəbəkəsindən doldurulmasına 14 saat gərəkdir. Xüsusi qurğunun köməkliyi ilə, batareyanın enerjisinin 80 faizinin bərpasını 35 dəqiqəyə həyata keçrimək olar.
Elektrokar 100 km/saat həddini 9 saniyəyə toplayır və 150 km/saat həddinə qədər sürətlənir. Lakin Fiat, əsas vurğunu hetçbekin şəhərdəki sürətlənmə vaxtına edir - 50 km/saata sürətləməyə elektrokara 3,1 saniyə tələb olunur.
Fiat şirkətinin Avropadakı dilerləri artıq “yaşıl” avtomobilə sifarişləri qəbul edirlər. İlkin olaraq, elektrokarın First Edition adlı xüsusi versiyası satışa çıxacaqdır. 37.500 avroya qiymətləndirilmiş hetçbek 17-düymlük təkər disklərinə, LED optikaya, ekoloji dəri ilə üzlənmiş salona və sürücü yardımçılarının tam siyahısına sahib olacaqdır. Ən maraqlısı odur ki, Fiat şirkəti “Çikvençentonun” benzin mühərriki və hibrid qurğusu ilə təchiz edilmiş versiyalarından imtina etmək fikrində deyil – avtomobillər elektrokarla paralel olaraq və müxtəlif zavodlarda buraxılacaqdırlar.