Fiat şirkəti üç ay əvvəl yeni nəsil 500e kabrioletini təqdim etmişdi. İndi isə növbə elektrokarın hetçbek kuzovlu variantına gəlib çatıb. Hələlik, elektrokarın la Prima adlı salamlama versiyası təqdim edilib. Bu modifikaiysa digər avadanlıqlar ilə yanaşı, şüşə panoram damı və üç eksklüziv kuzov rəng variantını əldə edib.
Yeni Fiat 500 tam elektrik platformasında inşa edilib, sələfindən eksteryer dizaynı və tamamilə yenidən işlənmiş interyer tərtibatı ilə fərqlənir. Elektrokar 120 at qüvvəli elektrik mühərriki və 42 kilovat-saatlıq güc batareyası ilə təchiz olunur. Fiat 500e modeli enerji yükləmədən WLTP dövrünə əsasən 320 kilometrə qədər məsafə qət edə bilər. Elektrokar 150 km/saat həddinə qədər sürətlənə bilər. 50 km/saatlıq “şəhər” sürətini toplamaq üçün Fiat 500e modelinə 3,1 saniyə gərəkdir.
Hələlik hetçbek yalnız la Prima “zəngin” versiyasında təklif edilir. Belə avtomobillər panoram dam, baqaj qapısındakı spoyler, LED ön fənərlər, 17-düymlük təkər diskləri, interyerdəki xrom əlavələr və ekodəri ilə üzlənmiş oturacaqlar ilə təchiz olunurlar.
Fiat 500 la Prima modeli üçün üç eksklüziv kuzov rəngini də təklif edir: Ocean Green, Mineral Grey və üç qatlı Celestial Blue.
Elektromobil birinci olaraq, 10,25-düymlük sensorlu displeyi olan, Apple CarPlay və Android Auto tətbiqlərini, eləcə də müxtəlif firma onlayn xidmətlərini dəstəkləyən yeni UConnect 5 multimedia sistemini alıb. Eyni zamanda, Fiat 500 ikinci səviyyəli elektron sürücü yardımçıları ilə təchiz olunmuşdur. Bunlara misal kimi, aktiv kruiz-kontrolu, kor zonalara nəzarət funksiyasını və dairəvi görüntü kameralarını göstərmək olar.
Yeni Fiat 500 la Prima üçün sifarişlər artıq qəbul edilir. İtaliyada hetçbekin qiyməti 34 900 avrodan başlayır.