2017-ci ildə Fiat şirkəti öz model cərgəsini 170 at qüvvəli 500X krosseveri ilə zənginləşdirməyi nəzərdə tutur. Əgər bu baş tutarsa, krossover 500X Abarth adıaltında satışa çıxarılacaqdır. Bildiyimiz kimi, «Abarth» italyan şirkətinin buraxdığı modellərin «bərkgedən» variantını yaradan xüsusi bölməsidir. Fiat 500X modelinin yeni variantı, əsasən, Mini Countryman JCW və Nissan Juke Nismo RS kimi «bərkgedən» avtomobillərlə rəqabət aparacaqdır.
Bu barədə rəsmi məlumat olmasa da, Abarth firmasının rəhbəri Paolo Qaliardo əvvəllər də firmanın model cərgəsini 500X modelinin hesabına genişləndirmək istədiyini bildirmişdir. Bundan başqa o Fiat’ın dünya ralli çempionatına (WRC) da qayıtmaq istəyinin olmasını söyləmişdir.
Abarth firmasının planları həyata keçərsə, 500X Abarth variantı 1,4-litrlik 170 at qüvvəli Multiair II turbomühərriki, tam çəkiş sistemi, altı pilləli mexaniki və avtomatik sürətlər qutusu ilə təchiz ediləcəkdir. Hal-hazırda Abarth bu mühərriki 124 Spider modelinə də qoymaq fikrindədir.
Fiat 500X Abath’ın satışları bütün dünya üzrə baş tutmalıdır. Lakin italyanlar ən vacib bazarın ABŞ bazarı olacağı qənaətindədirlər.