Fiat şirkəti Fiorino modelinin istehsalına düz doqquz il bundan öncə - 2007-ci ilin ortalarında başlamışdır. «Çalışqan» ven bu müddət ərzində 370 min ədəd satılaraq italyan şirkətinə gəlir gətirən modellərdən biri olduğunu sübut etmişdir. Bu yaxınlarda italyan istehsalçısı avtomobili yeniləmək qərarına gəlmişdir. Lakin, yenilənmiş avtomobil zahirən çox da ciddi olmayan dəyişikliklərə məruz qalmışdır. Dizaynerlər avtomobilin ön fənərlərinin və bamperinin dizaynında kiçik dəyişikliklər etmişdirlər.
Avtomobilin salonunda isə, yeni sükan çarxı, sürətlər qutusunun yeni dəstəyi, təkmilləşdirikmiş cihazlar paneli, Bluetooth, DAB-radio, naviqasiya və 5,0-düymlük displeyi olan multimedia sistemi quraşdırılmışdır. Bununla belə, avtomobildəki əsas dəyişiklik onun mühərrik bölümündədir - Fiorino modelinin təchiz edildiyi bütün mühərriklər Avro-6 standartlarına cavab verir.
Fiat Fiorino əvvəllər olduğu kimi, 80 və 95 at qüvvəsinə malik olan 1,3-litrlik MultiJet II dizel mühərrikləri ilə təklif edilir. Ekoloji baxımdan təmiz olan EcoJet variantı yanacağa qənaət edən texnologiya, silindirlərin söndürülməsi və dəyişən iş həcmi olan yağ nasosu ilə təchiz edilir. Avtomobilin ortalama yanacaq sərfiyyatə 100 kilometrə 3,8 litr təşkil edir.
Benzin mühərriklərinə üstünlük verənlər 77 at qüvvəsinə malik olan 1,4-litrlik atmosfer güc aqreqatını seçə bilərlər. Bundan əlavə, furqon ön və arxa təhlükəsizlik yastıqları, parketmə vericiləri, ABS, EBD, ESC, ASR,HBA və Hill Holder kimi sistemlər də daxil olan çoxsaylı təhlükəsizlik sistemləri ilə təchiz edilir.
Yeni Fiat Fiorino modelini sifariş etmək arzusunda olanlar sifarişlərini aprel ayından başlayaraq Avropadakı dilerlərin salonlarında rəsmiləşdirə bilərlər. Avtomobilin Azərbaycandakı satışlarına bu ilin sonunda başlanacaqdır. Yenilənmiş Fiorino modelinin satış qiymətləri hələlik məlum deyildir.