FIAT şirkəti yenilənmiş 500L modelini təqdim etmişdir. Kompaktvenin interyeri və eksteryeri cüzi dəyişikliklərə məruz qalmış, eyni zamanda modelin təchizat siyahısı bir qədər genişləndirilmişdir. İtalyan istehsalçısının mətbuat xidməti avtomobilin komponentlərinin 40 faizinin yeni olduğunu bildirmişdir.
Zahiri cəhətdən yenilənmiş 500L modeli bamperdəki barmaqlığın dizaynı, başqa kuzov dəsti və yumru formalı gündüz hərəkət işıqları ilə seçilir. Eksteryerdə xromdan olan elementlərin artdığını da görmək mümkündür. Yenilənmiş modelin kuzovu üçün 37, damı üçün isə üç rəng variantı təklif edilir. Fiat 500L modelinin salonunda yeni sükan çarxını və cihazlar panelini görmək olar.
Cihazlar paneli 3,5-düymlük rəngli displeyə sahiz olmuşdur. Bundan əlavə, ötürmələr qutusunun dəstəyinin yeri də dəyişdirilmişdir. Yenilənmiş 500L modelinin təchizatına 7-düymlük displeyi olan, Android Auto və Apple CarPlay əlavələrini dəstəkləyən Uconnect multimedia sistemi daxildir. Əlavə ödənişlə 520 vatt gücü olan Beats səs sistemini də sifariş etmək olar.
Kompaktvenin mühərrik çeşidinə 95 və 120 at qüvvəsi hasil edən 1.4-litrlik benzin turbomühərriki, 105 at qüvvəli 0.9-litrlik TwinAir mühərriki və maye qaz ilə işləyən 120 at qüvvəli TJet mühırriki daxildir. Bundan başqa, təbii qazla (metan) çalışan 85 at qüvvəli TwinAir mühərriki də mövcuddur. Dizel mühərrikləri isə 95 at qüvvəli 1.3-litrlik v 120 at qüvvəli 1,6-litrlik MultiJet aqreqatları ilə təmsil olunurlar.
Əvvəl olduğu kimi, 500L modeli adi, yolsuzluq üçün (Trekking) və yeddi yerlik (Living) modifikasiyalarda təklif ediləcəkdir.