FİAT şirkəti rəsmi olaraq yeni modeli təqdim etmişdir. Argo adını almış yığcam hetçbek Avropa bazarı üçün nəzərdə tutulmuş Tipo modelinin dizayn üslubunda yaradılmış və Cənubi Amerika bazarında satılacaqdır.
İtalyan markasının yeni avtomobili istehsalçının Braziliyadakı zavodunda istehsal ediləcəkdir. Müvafiq olaraq, yerli müştərilər avtomobilin ilk alıcıları olacaqdırlar. FİAT Argo modelinin kütləvi nümayişi bu ayın sonunda keçiriləcəkdir.
İlkin məlumatlara görə, Argo modeli italyan istehsalçısının model xəttində Punto modelini əvəz etməlidir. Hal-hazırda FİAT şirkəti yalnız avtomobilin şəkillərini dərc etməklə kifayətlənmişdir. Argo modelinin texniki hissəsi barədə məlumat verilməmişdir. Bununla belə, Cənubi Amerikadan olan həmkarlarımız Argo modelinin bu regiona xas olan 1,0 - 1,8-litrlik mühərriklərlə təchiz ediləcəyini bildirmişdirlər. Ənənəvi olaraq, mühərriklər benzin və etanolla çalışacaqdırlar. Təklif edilən transmissiyalar mexaniki, avtomatik və robotlaşdırılmış qutular olacaqdır.
Modelin təchizatına Start/Stop sistemi, sensorlu displeyi olan multimedia sistemi, kondisioner və bir sıra avadanlıqlar daxil ediləcəkdir.