Məlumdur ki, hər bir ölkənin özünəməxsus avtomobil tələbləri vardır. Misal üçün, Azərbaycanda üstünlüyü daha çox sedan və krossoverlərə, Amerika Birləşmiş Ştatlarında - pikaplara, Hindistanda isə yığcam avtomobillərə verirlər. Latın Amerikasında yerləşən ölkələrdə də kompakt avtomobillərə üstünlük verilir. Bunu nəzərə alan avtomobil istehsalçıları bəzi modelləri sırf bu ölkələrin tələbatlara uyğun hazırlayırlar. FİAT şirkəti də bu günlərdə müstəsna olaraq Braziliya bazarı üçün nəzərdə tutduğu Mobi modelini təqdim etmişdir.
Avtomobilin qabarit uzunluğu 3566 millimetr, eni - 1633 millimetr, hündürlüyü isə 1490 millimetr təşkil edir. FİAT Mobi modelinin aerodinamik kuzov dəsti quraşdırılmış top-variantının ölçüləri bir qədər fərqlidir. Top-variant adi modeldən 30 millimetr uzun, 52 millimetr enli və 69 millimetr hündürdür. Təchizatından asılı olaraq avtomobilin çəkisi 907 - 966 kiloqram arasında dəyişir. Baqaj bölümünün həcmi isə 215 - 235 litr təşkil edir.
Öndən çəkişli olan Mobi modeli alternativsiz olaraq, benzin və ya etanolla çalışan 1,0-litrlik dörd silindirli mühərriklə hərəkətə gəlir. Birinci halda mühərrikin gücü 73 at qüvvəsi və 93 Nm fırlanma anı, ikinci halda isə 75 at qüvvəsi və 97 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı beş pilləli mexaniki sürətlər qutusu ilə birləşdirilir. FİAT Mobi yerindən 100 km/saat həddinə qədər 14,3 saniyəyə sürətlənir və 153 km/saat maksimal sürətə malikdir.
Yeni avtomobil altı təchizat səviyyəsində - Easy, Easy On, Like, Like On, Way və Way On səviyyələrində təklif edilir.
Top-variantların təchizatına kuzovun alt hissəsinin plastikdən hazırlanmış qoruyucuları, damda quraşdırılan relinqlər və 14-düymlük təkər diskləri daxil edilmişdir.
FİAT şirkətinin yerli nümayəndəliyi artıq sifarişlərin qəbuluna başlamışdır. FİAT Mobi modelinin qiymətləri 31900 və 43800 Braziliya realı (13900 - 19200 manat) arasında dəyişir