Fiat şirkəti dörd il bundan öncə nümayiş etdirdiyi Fastback konseptinin motivlərinə əsasən yaradılmış yeni krossoverin eksteryer dizaynı üzərindən sirr pərdəsini götürüb. Artıq yayın əvvəlində yeni kross-kupenin adının Fastback olacağı təsdiqlənib, indi isə, italyan istehsalçısı avtomobilin şəkillərini dərc edib.
Form-faktorun qorunub saxlanılmasına baxmçayaraq, seriya modelinin eksteryer dizaynının eyniadlı konsepdən fərqləndiyini aydın şəkildə görmək olar. Belə ki, seriya Fastback modelinin arxa fənərləri başqa formaya, ön fənərlər isə bir qədər enli olublar və başqa içalata malikdirlər. Arxa hissədəki qısa spoyler yerini qorusa da, bir qədər yuxarıya doğu istiqamətləndirilib. Ümumilikdə, kross-kupe BMW X4 modelini xatırladır.
Fiat Fastback modelinin “əmtəə” versiyasının ən yaxın qohumu Fiat Pulse krossoveri olmalıdır. Fastback da Pulse kimi Stellantis konserninin MLA arxitekturasında inşa ediləcəkdir. Krossoverin mühərrik çeşidinə Pulse modelindən götürülmüş, 125 və ya 130 at qüvvəsi hasil edən 1,0-litrlik “turboüçlük” daxil olacaqdır. Güc aqreqatı variator ilə tandemdə çalışacaqdır.
Bununla belə, 175 at qüvvəli 1,3-litrlik mühərrik və 6-pilləli “avtomat” ilə təchiz edilən daha güclü versiyası da buraxılacaqdır. Əlbəttə ki, tam ötürməli versiyadan söhbət gedə bilməz - Fiat Fastback yalnız ön ötürməli olacaqdır. Fiat Fastback modelinin sərfəli qiymətə malik olacağı da bilrilib - o, Braziliya bazarında Volkswagen Nivus modeli ilə rəqabət aparmalıdır.
Fiat Fastback seriya krossoverinin təqdimatının bu ilin sentyabr ayında keçiriləcəyi gözlənilir. Onun satılacağı ilk bazar Braziliya olacaqdır - modelin lokal istehsalı məhz bu ölkədə təşkil ediləcəkdir. Daha sonra, Fastback digər Latın Amerikası ölkələrində satış debütü edəcəkdir. Çox güman ki, onun satış coğrafiyası bu ölkələrlə də məhdudlaşacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.