Əfsanəvi Fiat Panda subkompaktı bu yaxınlarda yenilənib və ən azı daha üç il Pandina adı altında istehsal olunacaq. Bununla birlikdə, indi “ayı” ailəsinin başqa bir üzvü - daha böyük Fiat Grande Panda hetçbeki debüt edib. Əslində, bu, 2018-ci ildə buraxılışı dayandırılmış Fiat Punto modelinin çoxdan gözlənilən varisidir.
Zahiri cəhətdən, Grande Panda bu yaxınlarda nümayiş etdirilmiş Fiat City Car konseptini təkrarlayır və səksəninci illərin ilk künclü-bucaqlı Panda modelini təqlid edir. Fiat şirkətinin Turin atelyesində hazırlanmış dizayn, həmçinin doğranmış formalara və kvadrat nisbətlərə malikdir. “Böyük Panda” 17 düymlük təkər disklərini alıb, ön hissə isə, fənərlərin içalatı da daxil olmaqla, piksel naxışı ilə bəzədilib. Adi emblemi böyük “Fiat” yazısı əvəzləyib.
Daha da böyük “Panda” yazısı birbaşa qapılara ştamlanıb, arxa hissəni isə, çıxıntılı “Fiat” yazısı bəzəyir. Yəqin ki, brendin və modelin adına vurğu təsadüfi edilməyib, çünki texniki baxımdan Grande Panda başqa bir krossoverə bənzər hetçbekin - Citroen C3 modelinin ən yaxın qohumudur. Bu, xüsusilə profildə nəzərə çarpır - şüşələnmə xətti və arxa sütundakı plastik örtmə (yeri gəlmişkən, “Fiat” yazısı ilə) buna aydın işarədir.
Fərqli plastik dayağına görə Fiat hetçbeki Citroen modelindən bir qədər qısa olub: 3,99 metrə qarşı 4,01 metr. Lakin klassik Panda ilə müqayisədə hetçbek 337 millimetr böyüyüb, buna görə də indi daha böyük B sinfinə aiddir. Odur ki, istehsalçının beş sərnişin üçün nəzərdə tutulmuş geniş və praktik interyerə diqqət yetirməsində təəccüblü bir şey yoxdur. Lakin avtomobilin interyeri hələlik göstərilməyib.
Fiat artıq Grande Panda modelinin elektrik və hibrid versiyalarında təklif olunacağını vəd etsə də, detalları açıqlamayıb. Çox güman ki, güc aqreqatları qohum Citroen hetçbeki ilə eyni olacaq. C3 modelinin hibrid versiyası 1,2-litrlik turbomühərrik (100 at qüvvəsi) və 48-voltluq elektrik mühərriki (28 at qüvvəsi, 55 Nm) quraşdırılmış altı pilləli Punch preselektiv “robotu” ilə, elektrik versiyası isə, 113 at qüvvəli mühərrik və 44 kilovat-saatlıq dartma batareyası ilə təchiz olunur.
Fiat hələlik “Böyük Pandanın” nə satışlarının başlanması tarixi, nə də qiymətini açıqlamayıb. Xatırladaq ki, Citroen C3 modelinin qiyməti 14 990 avrodan, elektrik versiyasının isə, 23 300 avrodan başlayır. Amma artıq Fiat Grande Panda təkcə Avropada deyil, Afrika və Yaxın Şərqdə də satılacağı məlumdur.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.