Fiat şirkəti 86-cı beynəlxalq Cenevrə avtomobil salonunda debüt edəcək Tipo Estate modelinin ilk tizerini dərc etmişdir. Dərc edilmiş təsvirdən göründüyü kimi, İsveçrənin paytaxtında gözəgəlimli italyan universalının təqdim edilməsinin şahidi olacağıq. Çox güman ki, universalın ön hissəsinin dizaynı keçən ilin payızında təqdim edilmiş Fiat Tipo sedanı ilə bənzərlik daşıyacaqdır. Bununla belə, universal arxa hissənin özünəməxsus dizaynı ilə seçiləcəkdir. Şəkildən də göründüyü kimi, arxa fənərlər işıq diodlarından hazırlanmış bumeranq şəkilli qabarit işıqları ilə təchiz ediləcəkdir.
İlkin məlumatlara görə, Fiat Tipo Estate modelinin baqaj bölümünün həcmi 550 litr olmalıdır. Yeni universalın Tipo sedanı ilə mühərrik qammasını bölüşəcəyi şübhə doğurmur. Bildiyimiz kimi, Fiat Tipo 95 və 110 at qüvvəli 1,4 və 1,6-litrlik benzin mühərriki ilə, həmçinin, gücü 95 - 120 at qüvvəsi arasında dəyişən 1,3 və 1,6-litrlik MultiJet II turbodizelləri ilə təchiz edilir. Güc aqreqatları həm mexaniki, həm də avtomatik sürətlər qutusu ilə birgə çalışırlar.
Fiat Tipo Estate modelindən başqa, italyan şirkəti Tipo modelinin 5-qapılı hetçbek kuzovlu variantını, 124 Spider modelini və onun Abarth tərəfindən hazırlanmış «qaynar» variantını, Fullback pikapını və 500 Sport modelini təqdim edəcəkdir.