Fiat şirkəti Tipo modelini tərkibinə hetçbek, univarsal və sedanla yanaşı, krossover və "yolsuzluq" üçün heçtbek də daxil olacaq, geniş bir ailəyə çevirməyi planlaşdırır. Ailə hetçbeki sayılan avtomobilin modifikasiya çeşidinə hündürləşdirilmiş "yolsuzluq" versiyasının və Tipo Cross adlandırılacaq krossoverin qatılacağı barədə xəbəri "Auto Express" nəşri yayıb.
Təsdiqini tapmayan məlumata görə, Fiat Tipo Cross modeli ilk növbədə Nissan Qashqai və Skoda Karoq modelləri ilə rəqabət aparmalıdır. Bundan başqa, Tipo hetçbeki, Ford Focus Active və Kia XCeed yolsuzluq hetçbekləri ilə rəqabət aparacaq hündürləşdirilmiş versiyaya da sahib olacaqdır. Belə avtomobilin prototipləri artıq ümumi istifadə yollarında sınaqdan keçirilirlər. Çox güman ki, belə versiya modelin planlaşdırılan yenilənməsindən sonra, 2020-ci ilin sonuna qədər debüt edəcəkdir.
Bununla belə, Fiat şirkətinin rəhbəri Olivye Fransua orta müddətli perspektivdə krossoverin gərək olduğunu bildirib. "Fiat şirkəti uzun illərdir ki, ailəvi avtomobillərin istehsalı ilə məşğul olur. Buna görə də, bu seqmentdə böyük təcrübəmiz var. Tipo əla avtomobildir, lakin o, krossover deyil, - Olivye Fransua qeyd edib. - Görünən odur ki, Tipo modelinin növbəti nəsli bu məqsədlər üçün daha uyğun olan seqmentə ayaq açmalıdır. Bizə Nissan Qashqai üslubunda avtomobil gərəkdir".
Bundan başqa, "Auto Express" nəşri Punto modelinin davamçısı olan supermini üzərində çalışmaların başladığını müəyyən edib. Çox güman ki, yeni Fiat Punto modeli PSA konserninin CMP modul platformasında inşa ediləcəkdir. FCA və PSA konsernlərinin birləşməsi tərəflərə bir-birinin texnologiyalarınadan istifadə etmək imkanı yaradıb.