Fiat şirkəti Tipo modeli yeni təchizat səviyyəsi ilə təchiz edib. Sedan, hetçbek və universallar Street, Mirror və S-Design təchizat səviyyələrində təklif edilirlər. İndi isə, bu səviyyələrin sırasına yalnız hetçbek kuzovu ilə təklif edilən Fiat Tipo Sport versiyası da qoşulubdur.
Lakin, Sport indeksi sizi yanıltmasın - Tipo Sport heç də "qaynar" hetçbek deyil. Fiat Tipo S-Design modifikasiyasının əsasında hazırlanmış Tipo Sport qara rəngli radiator barmaqlığı, orijinal bamperləri, kandar əlavələri, arxa diffuzoru və damdakı spoyleri ilə seçilir. Bundan başqa, yeni modifikasiya qara rəngli radiator barmaqlığı, güzgü gövdələri, qapı dəstəkləri, pəncərə və duman əleyhinə fənərlərin haşiyələri daxil olan eksteryerin qara parlaq tərtibat dəstinə sahib olub. Qara rəngli tavan və arxa şüşələr kuzovun qırmızı Passione Red rəngi ilə ahəng təşkil edir.
Hetçbekin salonu ikiqat tikişləri olan qara rəngli dəri və parça ilə tərtib edilib. Salonda üzərində naxışları olan texno-dəri ilə üzlənmiş sükan çarxını və ötürmələr qutusunun dəstəyini görmək olar. Tipo Sport modelinin standart təchizatına 7,0-düymlük ekranı olan, həmçinin Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən Uconnect HD Live multimedia sistemi daxildir. Opsional olaraq, hetçbeki biksenon fənərlər ilə sifariş etmək mümkündür.
Yeni dizayn elementləri və təchizat səviyyəsi ilə yanaşı Fiat Tipo Sport iki yeni mühərrikə sahib olub. Əlbəttə ki, bu sahədə də "qaynarlıqdan" əsər-əlamət yoxdur - hetçbek 1,4-litrlik benzin və 1,3-litrlik MultiJet dizel mühərrikləri ilə təchiz edilir. Hər iki mühərrik 95 at qüvvəsinə malikdir. Xatırladaq ki, Fiat Tipo modelinin mühərrik çeşidinə 120 at qüvvəsi təklif edən 1,4-litrlik T-Jet turbomühərriki və eyni gücə malik olan 1,6-litrlik MultiJet dizeli daxildir.