Son zamanlar Fiat şirkəti köhnə adları yenidən istifadə etməyə başlamışdır. Belə ki, 500, Tipo və 124 Spider kimi adlar tozlu arxivlərdən çıxarılaraq yeni həyata qədəm qoymuşlar. Yayılan şayiələrə görə, italyan şirkəti daha bir ismi Topolino’nu həyata qaytarmaq niyyətindədir. Bu barədə Passione Auto İtaliane nəşri məlumat vermişdir. Nəşrin verdiyi xəbərə görə, yeni avtomobilin prototipinin sınaqları, Fiat’ın zavodu yerləşən, Pomigliano d’Arco bələdiyəsində aparılır.
Panda modelinin bazasında buraxılacaq müasir Topolino'nu iki qapılı və dörd yerli kuzovla təchiz etmək nəzərdə tutlur. Bu avtomobilin əsas rəqibləri Smart ForTwo, Citroen C1, Peugeot 108 və Toyota Aygo kimi avtomobillər olmalıdırlar. Şirkət daxilindəki mənbələrin bildirdiyinə görə, yeni avtomobilin təqdimatı gələn il baş tutmalıdır.
Əvvəlki Fiat Topolino modeli 1936-ci ildən 1955-ci ilə kimi istehsal edilmişdir. Avtomobil 569 kub santimetr iş həcmi olan dördsilindirli mühərrik və dördpilləli mexaniki sürət qutusu ilə təchiz edilirdi.
İstahsal olunduğu müddət ərzində Topolino modeli 520 minlik tiraj ilə buraxılmışdır.