Kommersiya avtomobillərini nəzərə almasaq, Fiat markasının qlobal model çeşidində olan ən iri ölçülü minik avtomobili Jeep Compass krossoverinin platformasında inşa edilmiş 4,9 metr uzunluğundakı Toro pikapıdır. 2016-cı ildə debüt edən və yalnız Latın Amerikasında satılan pikap (Ram markası da daxil olmaqla) artıq 335 min alıcısını tapıb. Stellantis ittifaqı Toro pikapını ABŞ və Kanada bazarlarına çıxarmağı planlaşdırmır, odur ki, yeni Hyundai Santa Cruz və gələcək Ford Maverick pikaplarının istehsalçıları rahat yata bilər.
Buna baxmayaraq, Fiat şirkəti pikapı yeniləmək qərarına gəlib və onun yenilənmiş versiyasını Braziliyada təqdim edib. İlk baxışdan pikapın eksteryerinin, demək olar ki, dəyişmədiyi görünür: ön tərəfin ikimərtəbəli arxitekturası dəyişilməz qalıb.
Əslində yenilənmiş pikap yeni kapota (Ram pikaplarında olduğu kimi mərkəzdəki boşluq ilə), fərqli radiator barmaqlığına və düzbucaqlı duman işıqları ilə təchiz edilən dəyişdirilmiş ön bamperə sahib olub. Üstəlik, yenilənmiş pikap LED fənərləri olan ilk Braziliya Fiat'ıdır.
Ranch və Ultra adlı zəngin versiyaları üçün iri radiator barmaqlığı və emblemi olan fərqli ön tərəf nəzərdə tutulub. Belə dizayn ilə Fiat Toro brutallığa qovuşub. Təkər disklərinin dizaynı da dəyişdirilib, lakin arxa bortun taybatay açılan qapıları toxunulmaz qalıblar. Əvvəlki kimi, pikap yalnız tam ölçülü ikisıralı kabin ilə təchiz edilir.
Pikapın salonu ciddi şəkildə yenilənib: qapı kartları belə fərqlidir, yeni mərkəzi konsolu olan ön panel əvvəlkidən daha iri görünür. İndi kiçik əşyaların saxlanılması üçün çoxlu yer var: onların ümumi həcmi 26 litrə çatır. Artıq baza versiyasında yenilənmiş Toro modeli yeddi düymlük virtual cihazlar panelinə sahibdir.
Köhnə multimedia sisteminin əvəzinə üç yeni qurğu təklif edilir. Toro modelinin baza versiyasında 7.0-düymlük sensorlu ekranı, “orta” versiyasında - 8.4-düymlük, zəngin Ranch və Ultra versiyalarında isə 10.1-düymlük şaquli planşet quraşdırılır.
Bu ekran bir neçə iş sahəsinə bölünür, eSIM və smartfonlarla işləmək üçün geniş funksionala malikdir. Fiat Toro ilk dəfə olaraq avtomatik əyləcləmə və zolağı izləmə sistemlərinə sahib olub (bunlar opsiyadır).
Mühərrik çeşidində olan yeganə yenilik Braziliyada istehsal edilən 1.3 Turbo Flex mühərrikidir. Bu mühərrik müasir Firefly ailəsinə aiddir, ən mürəkkəb və ən bahalı aqreqatdır. Bu aqreqat drosseli olmayan MultiAir III sistemi (giriş klapanları miniatür hidravlik silindrlər tərəfindən açılır), birbaşa püskürtmə, turbokompressor və işlənmiş qazaların təzyiqinin azaldılmasının elektron idarəetməsi ilə təchiz olunur.
Benzinlə mühərrik 180 at qüvvəsi və 270 Nm fırlanma anı təşkil edir. Braziliyada yayılmış etanol ilə isə, onun gücü 185 at qüvvəsinə qədər artır.
Bundan başqa, mühərrik çeşidində 1.8 EtorQ Evo (139 at qüvvəli) atmosfer mühərriki və 2.0 MultiJet turbodizeli (170 at qüvvəsi) də qalıb. Bütün benzin pikapları ön ötürmə (differensial kilidinin elektron imitasiyası ilə) və altı pilləli “avtomat” ilə təchiz edilirlər.
Avtomatik transmissiya dayanmalar zamanı neytralı qoşur, əyləc pedalı buraxıldıqda isə, yenidən Drive rejiminə keçir. Dizel avtomobilləri doqquz pilləli “avtomat” və tam ötürmə sistemi (arxa oxda muftası olan) ilə təklif edilirlər.
Yenilənmiş Fiat Toro pikapı Braziliya bazarında may ayında satışa çıxarılacaqdır. Pikapdan sonra, ilin ikinci yarısında, Fiat şirkətinin ənənəvi olaraq debütünü təxirə saldığı Fastback krossoveri işıq üzü görəcəkdir.
Fiat Fastback konseptinin 2018-ci ildə nümayiş etdirilməsinə baxmayaraq, onun seriya versiyası hələ də təqdim olunmayıb. Bu krossover Progetto 363 kodu altında tanınır və onun turbomühərrikə sahib olacağı açıqlanıb.