BMW komandasının avstriyalı pilotu Filipp Enq bu gün keçirilən 20 dəqiqəlik təsnifat mərhələsində poulu qazanan pilot olub. O, Hokkenhaymdakı dövrəni bu trekin əvvəlki rekordundan bir saniyə yarım yeyin qət edib.
Məlumdur ki, bu il DTM avtomobilləri dörd silindrli turbomühərriklər ilə təchiz edilirlər. Söylənilənlərə görə, yeni turbomühərriklər əvvəlki atmosfer V8 mühərriklərindən daha güclüdürlər və onların 610 at qüvvəsinin üzərində gücə malik olduqları güman edilir. Hokkemhaymdakı mərhələnin ilk təsnifatı və yarışı yağmurlu havada keçdiyi üçün yeni avtomobillərin əvvəlkindən nə qədər yeyin olduğu bilinmirdi.
Bu gün isə, şənbənin tam əksinə olaraq, təsnifat mərhələsi aydın, günəşli havada keçib. Filipp Enq sıralama sessiyasının bitməsinə dəqiqələr qala hər üç sektorda yeyin zamana imza ataraq, dövrəni 1:28,972 zamanla başa vurub. Xatırladaq ki, bu günə kimi trekin rekordu Tom Blomkvist tərəfindən qeydə alınmış 1:30,491 idi. Bu poul pozişn Filipp Enqin DTM-də əldə etdiyi ikinici pouldur - keçən il avstriyalı ilk poulunu Lauzitsrinqdə qazanmışdı.
Bu günki yarışı Enqlə birlikdə ilk sıradan onun komanda yoldaşı və dünənki yarışın qalibi Marko Vittmann başlayacaqdır. İkinci cərgədən isə iki Audi pilotu - Robin Freyns və Niko Müller start götürəcəklər. Növbəti sırada Bruno Spenqler və Timo Qlok (hər ikisi - BMW) qərarlaşıblar. Ceymi Qrin və Loik Dyüval ( hər ikisi - Audi) dördüncü cərgədə yer alıblar. Nəhayət, beşinci cərgədən Münhen təmsilçiləri Coel Eriksson və Şeldon van der Linde start alacaqdırlar.
Aston Martin pilotları rəqiblərinə layiqli cavab verə bilməyiblər və protokolun sonunda yer alıblar. Təsnifat zamanı avtomobilin zədələmiş Rene Rast da 16-cı yerdən start alacaqdır.