Toyota komandasının debütant pilotu Esapekka Lappi Finlandiya Rallisinin dramatik şəkildə keçən ilk gününü lider olaraq tamamlayıb.
Çempionatın ən yüksək kateqoriyasında dördüncü mərhələsini keçirən 26 yaşlı fin pilot, bütün günü təqib etdiyi təcrübəli komanda yoldaşı Yari-Matti Latvalanı üstələyib. Onuncu dopda ən yaxşı zamana imza atan Lappi liderliyə yüksələrək təqibçisi ilə ara məsafəsini 0,3 saniyədən 4,4 saniyəyə qədər artırıb. «Hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm, - deyən Lappi davam etdirib. - Uşaqlıqdan Finlandiya Rallisində WRC avtomobilində çıxış etmək arzusundaydım.
Artıq arzuma çatmışam. Qələbə qazana bilərəmmi? Mən Yari-Matti ilə mübarizədə tələskənliyə yol vermək istəmirəm. Məqsədim podiumda finiş görməkdir».

Lappi 12 dopdan səkkizində qələbə çalsa da, üç dəfə «Min Göllər rallisində» qazanan Latvala yalnız üçüncü dopda qalib gəlib. «Bildirməliyəm ki, əlimdən gələni etmişəm, amma Esapekki sürətli idi. Sabahkı yarışı düşünmək lazımdır», - Yari-Matti Latvala izahat verib. Günü üçüncü olaraq, M-Sport komandasının problemlərlə üzləşməyən yeganə pilotu Teemu Sunninen tamamlayıb.
Xatırladaq ki, Ojye dördüncü dopda qəzaya düşərək yarışı tərk etmişdi. Tayyak isə avtomobilini daşa vuraraq kardan valını zədələmişdi. Liderə 19 saniyə uduzan Sunninen gün ərzində iki qələbə əldə edərək yaxın təqibçısı Kreq Brini 14 saniyə üstələyir. Daha bir fin pilot Yuho Hanninen (Toyota) asqının səhər sessiyasında zədələnməsinə baxmayaraq beşinci yerdədir.
Mads Ostberq günü altıncı olaraq tamamlayıb. O, idarəetmə problemləri ucbatından üçüncülükdən altıncılığa geriləyib. «Avtomobildə nə baş verdiyini anlamış deyiləm. Hərdən hər şey normallaşsa da, müəyyən zamandan sonra avtomobilin arxa hissəsinə nəzarət etmək qeyri-mümkün olur. Mən sadəcə avtomobilə nəzarət etməkdə çətinlik çəkirəm», - deyən norveçlı uğursuzluğunun səbəbini açıqlayıb.
Yeddinci yeri Elfin Evans tutur. Onu Ojyenin yarışı tərk etməsindən sonra trası açmalı olan Tyerri Nevil təqib edir. «Avtomobilin sürəti çatmır, - belçikalı bildirib. - Bir neçə dopu nəzərə almasaq mən günü normal şəraitdə keçirdim. Lakin, bundan artığına gücüm çatmadı. Trassı təmizləmək qarşımızda olan tapşırığı çətinləşdirib. İstənilən halda sürət çatışmamazlığı mövcuddur». İlk onluğu Kris Mik və Ott Tanyak tamamlayır.