Finlandiya rallisinin yeddinci xüsusi hissəsindən sonra liderliyi Toyota komandasının pilotu Yari-Matti Latvala ələ keçirib. Lakin, onun komanda yoldaşı Esapekki Lappi ara məsafəsini sürətlə azaltmağa davam edir.

Çempionatın liderləri problemlər yaşamağa davam edirlər. Sebastyen Ojye Ford Fiesta avtomobilinin arxa asqısını zədələyərək yarışları tərk edib. 

Ojye növbəti tullanma zamanı enmədə səhv edərək ağaca çırpılıb.  Onun komanda yoldaşı Ott Tanyak da çətinliklərlə üzləşib - ilk üç XH-də liderlik edən eston pilot döngəni geniş götürərək lukojarvi dopunda daşa toxunaraq təkəri partladıb. Böyük ehtimalla estoniyalı kardan valını da zədələyib.

Bu hadisə nəticəsində o yarım dəqiqə itirib. Ojyenin əsas rəqibi olan Tyerri Nevil hələlik doqquzuncu olaraq yarışı davam etdirir. 

Tanyakın səhvindən sonra Latvala liderliyə yüksəlib. Lakin, Lappi son dörd dopda ən sürətli pilot olub. Lukojarvi dopundan sonra Esapekki onuncu yerdən ikinciliyə yüksələrək liderlə olan ara məsafəsini 1,6 saniyəyə çatdırıb. Mads Ostberq də beşinci yerdən üçüncülüyə yüksəlib. Norveçli Kreq Brin və Teemu Suninnenlə mübarizə aparır. Bu üç pilotu 0,5 saniyə ayırır.

Yuho Hanninen və Kris Mik səhər yarışı eyni tempdə davam etdirsələr də, sonunda Toyota yetirməsi britaniyalını 0,5 saniyə qabaqlayıb. Hyundai pilotları da problemlər yaşamaqdadırlar. Paddon üçüncülüyə yüksəlsə də, arxa asqını zədələyərək gerilərə düşüb. Nevil və Sordo isə ilk onluğu tamamlayırlar. Sonuncuya sürətlə Tanyak yaxınlaşmaqdadır.