Toyota komandasının fin pilotu Yari-Matti Latvala avtomobilinin xarab olması ucbatından dördüncü dəfə Finlandiya Rallisində qələbə çalmaq şansından məhrum olub.

Yari-Matti vətənində keçirilən rallidə liderlik edən zaman, Ouninpohja xüsusi hissəsində avtomobilinin yavaşlamsı ilə üzləşib. Avtomobilin yavaşlamasına səbəb mexaniki zədə olub. Latvala hərəkət etməyə davam etsə də, qısa müddətdən sonra avtomobilini yol kənarında saxlamalı olub. O, şturmanı Miikka Anttila ilə birlikdə avtomobili təmir etməyə cəhd göstərib. Latvalanın mübarizəyə qayıtmaq şansı olsa da, o artıq 12 dəqiqə zaman itkisinə məruz qalıb. Yari-Mattinin bu uğursuzluğu onun komanda yoldaşı Esapekka Lappinin liderliyə yüksəlməsinə səbəb olub. «Mən bu yolla liderliyə yüksəlmək istəməzdim. Yaxşı hal deyil. Təəssüf ki, hər şey belə alındı», - Lappi etiraf edib. 

Hal-hazırda Esapekka ən yaxın təqibçisi olan Yuho Hanninendən 54 saniyə irəlidədir.