Henrik Fiskerin yeni yaratdığı Fisker Inc. şirkəti EMotion modelinin seriya variantının tizerini dərc edərək onun satış qiymətini elan etmişdir.

Tesla Model S modeli ilə rəqabət aparacaq yeni elektromobil 129900 dollara satılacaqdır. Müqayisə üçün Tesla Model S P100D modeli eyni qiymətə təklif edilir. Fisker EMotion modelinin dərc edilmiş tizerlərindən göründüyü kimi, seriya modeli əvvəl nümayiş etdirilmiş prototipdən xırda detallar ilə fərqlənir.

Bunlara misal olaraq kuzov dəstini və dəyişdirlmiş fənərləri göstərmək olar. Bir müddət bundan öncə, EMotion modelinin karbon-alüminiumdan hazırlanmış platformada buraxılacağı bildirilmişdir. Elektromobilin yürüş məsafəsi 640 kilometrin üstündə olmalıdır. Onun maksimal sürəti isə 360 km/saat təşkil edəcəkdir.

Fisker şirkətinin verdiyi yeni məlumatda, elektromobili 100 mil (160 km) yürüş etməsi üçün batareyaları 9 dəqiqəyə dolduran UltraCharger qidalanma sistemi barədə məlumat verilmişdir. Çox güman ki, bu qurğu xüsusi olaraq EMotion modeli üçün hazırlanmışdır. Bundan başqa, elektromobilin dairəvi görüntünü təmin edən kameralarla və uzaqlığı ölçən LİDAR sistemi ilə təchiz ediləcəyi də məlumdur. Qeyri-rəsmi məlumatlara görə, EMotion müasir avtopilot sistemi ilə də təchiz ediləcəkdir.

30 iyun tarixindən başlayaraq Fisker yeni modelə sifarişləri qəbul etməyə başlayacaqdır. Modelin təqdimatının avqust ayında keçiriləcəyi ehtimal edilir.