Fisker şirkəti Ocean elektrik krossoverinin Force E adlı brutal versiyasını buraxmağa söz verib. Şirkətin banisi Henrik Fiskerin iddialı layihəsi - Fisker Ocean elektrik krossoveri bu günə qədər seriyaya getməyib, lakin bu ona modelin yeni modifikasiyalarını anons etməyə heç də mane olmur.

Şirkət rəhbəri bu dəfə elektromobilin ciddi yolsuzluğa uyğunlaşdırılmasını təmin edəcək Force E paketini göstərib. Amerikalılar yeni təchizat  dəstinin, Fisker Ocean modelini, öz sahibini standart krossoverin gedə bilmədiyi yerlərə apara biləcəyini iddia edirlər.

Ən ciddi təkmilləşdirmələrdən biri yeni amortizatorları alacaq dəyişdirilmiş asqı olacaqdır – bu yenilik elektromobilin klirensini və həndəsi keçid qabiliyyətini artırmağa imkan verəcəkdir. Xarici diametri 33 düym olan yolsuzluq şinləri taxılmış yeni 20 düymlük təkər diskləri də bu işə öz töhfəsini verəcəkdir.

Digər dəyişikliklərə krossoverin ön bamperdən arxa bamperinə qədər bütün altını tutan titandan hazırlanmış qoruyucu lövhə, ön və arxa elektrik yedəkləmə gözləri, həmçinin ön bamperdəki əlavə işıqlar daxildir.

Kuzovda Force E paketinə işarə edən dekorativ elementlər olacaq, xarici görünüş isə, damdakı əlavə baqaj qutusu ilə tamamlanacaqdır.

Tamötürməli Ocean Extreme və Ocean Ultra krossoverlərinin də Force E versiyasına çevrilə biləcəyi vəd edilir. Yeni əlavə paketin qiyməti açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.