Mayın ortalarında Fisker şirkətinin rəhbəri Henrik Fisker iki ildən sonra istehsalına başlanacaq “inqilabi” Pear elektrik krossoverinin qiymətinin 29 900 dollar olacağını söyləmişdi. O, modelin qiymətini açıqlamaqla yanaşı, onun eksteryerinin təsvir olunduğu bir neçə tizeri də dərc etmişdi. Bu dəfə isə, Fisker elektromobilin öz genişliyi ilə heyran edən interyerini nümayiş etdirib.
Şəkildən göründüyü kimi, Fisker Pear futuristik interyerə sahib olacaq və mühəndislər daxili məkanı aşağı şüşələnmə xəttinin hesabına artırmaq niyyətindədirlər. Belə şüşələnmə dama daxil olan dairəvi alın şüşəsi ilə birlikdə hərəkət zamanı əla görünüşü təmin etməlidir.
Tizerdə ön oturacaqlar və mərkəzi dirsəkaltındakı qızılı vurğuları da görmək olar. Bundan əlavə, salonda multimedia sisteminin nəhəng şaquli ekranı, habelə ön panelin futuristik işıqlandırması da diqqət çəkir.
Təqdim olunan interyerin şirkətin elektromobildə istifadə edəcəyi texnologiyaların sadə vizualizasiyasının olduğunu qeyd etmək gərəkdir. Seriya Pear modelinin necə olacağı hələlik sirrdir. Fisker nümayəndələri indiyədək modelin istehsalına nə zaman başlanacağını da açıqlamayıblar. İnnovativ elektromobilin istehsalına 2024-cü ildə ABŞ-ın Ohayo ştatındakı zavodda başlanacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.