Great Wall Motor konserninin tərkibinə daxil olan Wey brendi tamölçülü V9X krossoverini buraxacağını ilk dəfə fevralın əvvəlində elan edib. İndi isə, flaqman krossoveri rəsmi olaraq təqdim edilib. Bu təqdimat çərçivəsində yeni modelin interyerini ilk dəfə nümayiş olunur.
Wey V9X modelinin xarici görünüşü Çində istehsal edilən tamölçülü krossoverlərin bütün müasir standartlarına uyğundur. Radiator barmaqlığının əvəzinə bağlı panel quraşdırılıb, faralar marka loqotipini daşıyan LED zolaqla birləşdirilib arxa hissəni isə, bütöv fənər bəzəyir.
Ön bamperdə aktiv çəpərləri olan hava girişi var, damda quraşdırılmış lidar isə, qabaqcıl sürücüyə yardım sistemləri dəstinə işarə edir. Yan tərəfdən təbii tutuşlu ənənəvi qapı tutacaqları və çoxmilli təkər diskləri diqqət çəkir. Dəbli iki rəngli boyama sxemi də mövcuddur.
Əvvəllər bildirildiyi kimi, avtomobilin uzunluğu 5299 millimetr, eni - 2025 millimetr, hündürlüyü isə, 1825 millimetrdir. Təkər bazasının ölçüsü 3150 millimetr təşkil edir. 21 düymlük təkər diskləri quraşdırılıb.
Altı nəfərlik salon 2+2+2 düzülüşündə konfiqurasiya edilib və onun tərtibatı yenə də bu seqmentdəki Çin modelləri üçün ənənəvidir. Ön paneldə cihazlar panelinin kiçik ekranı, media sisteminin ekranı və sağ sərnişin üçün nəzərdə tutulmuş monitor isə, vahid blokda birləşiblər.
Havalandırma deflektorları zolağı panelin bütün eni boyunca uzanır. İnteryer tərtibatında ağacdan hazırlanmış dekordan istifadə olunur. Fiziki düymələrin sayı minimuma endirilib: mərkəzi tuneldə klimat-kontrolun dörd düyməsi yerləşir.
İkinci cərgənin oturacaqları qatlanan kürək hissəsinə və ayaq dayaqlarına malikdirlər. Arxa sərnişinlər üçün nəzərdə tutulmuş qatlanan “televizor”tavana quraşdırılıb və onun kənarı boyunca ətraf işıqlandırması var.
Sərnişinlər həmçinin mərkəzi qutudakı avtomobil soyuducusundan istifadə edə bilərlər. Maraqlı bir xüsusiyyət arxa qapı dirsəkaltılarına inteqrasiya olunmuş simsiz şarj meydançalarıdır.
Wey V9X modeli yeni Guiyuan S (GWM One) platformasında inşa edilən ilk modeldir. Krossover tərkibinə 2,0-litrlik turbomühərrik (238 at qüvvəsi) və gücləri açıqlanmayan iki elektrik mühərriki daxil olan plagin hibrid güc aqreqatı ilə təchiz edilib.
2780 kiloqram çəkiyə malik olan avtomobilin dolu batareya ilə 0-dan 100 km/saat həddini 4,4 saniyəyə, boş batareya ilə isə, 4,7 saniyəyə yığdığı iddia edilir. Maksimal sürət 210 km/saatdır.
Sertifikatlaşdırma məlumatlarına görə, 53,6 və ya 77,7 kilovat/saatlıq NMC batareyaları elektrik dartması ilə pasport üzrə 240 və ya 363 kilometrlik gediş məsafəsini təmin edəcək, lakin avtomobil istehsalçısı bu göstəricinin 400 kilometrdən çox olacağını vəd edir.
Bu fərq, ehtimal ki, fərqli sınaq dövrləri ilə əlaqədardır. 800 voltluq elektrik sistemi və 6C şarjı dəstəkləyən dartma batareyası sayəsində, avtomobil müvafiq DC terminalına qoşulduqda 200 kilometrlik gediş ehtiyatını cəmi beş dəqiqəyə bərpa edə bilər.
Wey V9X krossoverinin şassisi dönən arxa oxa və klirensi tənzimləməyə imkan verən iki kameralı pnevmatik asqıya malikdir.
Wey V9X krossoverinin tezliklə Çində debüt etməsi gözlənilir, elə həmin zaman da bütün texniki detallar və satış qiymətləri açıqlanacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









