Ford pikapları son 45 ildə ABŞ bazarındakı ən populyar pikaplardır və ənənəvi olaraq, son 40 ildə satış reytinqlərinə başçılıq edirlər. Bununla yanaşı, Ford şirkəti tarixindəki növbəti əlamətdar hadisəni qeyd edir - F-150 pikapının 40 milyonuncu nüsxəsi buraxılıb. Gümüş rənginə boyanmış kuzova və Tremor təchizat səviyyəsinə malik olan pikap Miçiqandakı Dearborn Truck Plant zavodunun konveyerini tərk edib və Texas ştatındakı alıcıya göndəriləcəkdir.
F-Series pikapları “Mavi Ovalın” çeşidində 75 il bundan əvvəl, 1947-ci ildə peyda olublar. Hazırki nəsil artıq 14-cü sayılır və 2020-ci ilin yayında debüt edib. Pikaplar əvvəlki kimi rama konstruksiyasına malikdirlər və geniş mühərrik çeşidini təklif edirlər - adi daxili yanma mühərriklərindən tutmuş elektrik qurğularına qədər. ABŞ-da baza modeli birsıralı kabini, arxa ötürməsi, 294 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 3,3-litrlik V6 mühərriki, 10-pilləli “avtomatı” və 29.900 dollar qiyməti olan F-150 XL versiyası hesab olunur.
F-150 pikapının mühərrik çeşidində 2,7-litrlik (330 at qüvvəsi və 542 Nm) və 3,5-litrlik (406 at qüvvəsi və 678 Nm) altısilindrli EcoBoost biturbomühərrikləri, 5,0-litrlik (406 at qüvvəsi və 556 Nm) səkkizsilindrli atmosfer mühərriki və 3,5-litrlik turbomühərrikə əsaslanan PowerBoost Full Hybrid (436 at qüvvəsi və 773 Nm) hibrid güc qurğusu var.
Ford F-150 Lightning və F-150 Raptor versiyaları isə ayrı sıradadırlar. Elektrik pikapı 570 at qüvvəsi və 1051 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusu ilə təklif edilir. F-150 Raptor modelinin kapotunun altında isə 456 at qüvvəsi və 692 Nm fırlanma anı hasil edən Hight-Output versiyasındakı 3,5-litrlik V6 EcoBoost mühərriki yerləşir. 3.0-litrlik V6 Power Stroke dizeli təqaüdə göndərilib və onu faktiki olaraq hibrid güc qurğusu əvəzləyib.
F-150 pikapı baza XL versiyasından başqa, Lariant və King Ranch təchizatlarında, habelə qiyməti 74.335 dollar olan lüks Limited versiyasında təklif edilir. Yubiley avtomobili olan F-150 Tremor yolsuzluq versiyası yalnız dördqapılı SuperCrew kabini, qısa yük platforması, 3,5-litrlik turbomühərrik, 10-pilləli “avtomat” və tam ötürmə ilə təchiz edilir. Belə pikaplarda başqa yay və amortizatorlardan istifadə olunur, əlavə olaraq, onların standart təchizatına arxa differensialın kilidlənməsi və F-150 Raptor modelindən götürülmüş paylayıcı qutu daxil edilib.
Keçən il Ford ABŞ-da 1.819.026 avtomobil satıb ki, onlardan 1.011.198 ədədi pikaplardır. F-Series modelləri 726.004 ədəd satılıblar. İkinci yeri Ranger (94.755 ədəd), üçüncü yeri ilə Maverick hibridi (13.258 ədəd) tutub.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.