Ford şirkəti avropa bazarı üçün nəzərdə tutduğu dördüncü nəsil Focus ST modelinin universal kuzovlu variantını təqdim edib. Yeni model texniki cəhətdən hetçbek kuzovlu modeldən fərqlənmir. “Qaynar” universal benzin və dizel mühərrikləri ilə təklif edilir.
Ford Focus ST universalını 280 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,3-litrlik EcoBoost benzin aqreqatı və ya 190 at qüvvəsi və 400 Nm fırlanma anına malik olan 2,0-litrlik EcoBlue dizeli ilə təchiz etmək olar. Hər iki mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Bir müddət sonra benzin mühərriki üçün Adaptive Shift Scheduling funksiyasına malik olan yeddi pilləli avtomatlaşdırılmış ötürmələr qutusu da təklif ediləcəkdir.
Benzin mühərrikli Focus ST universalı eLSD yüksək sürtünməsli elektron differensialına və CCD adaptiv amortizatorlarına malikdir. Bundan başqa, universal üçün trek rejiminə və lonç-kontrola malik olan Performance dəstini sifariş etmək olar. Əlavə olaraq, Ford Focus ST universalı GT superkarı və F-150 Raptor modelləri üçün hazırlanmış “antilaq” sistemini də əldə edib. Bu sistem Sport və Track rejimində drosseli daha üzün müddət açıq saxlayaraq, turbokompressorun qanadcığının fırlanma sürətini dəstəkləyir.
Yerindən 100 km/saat həddinə Focus ST hetçbeki 5,7, universalı isə 5,8 saniyəyə sürətlənir. Dizel mühərrikli avtomobillər isə bu işə, müvafiq olaraq, 7,6 və 7,7 saniyə sərf edirlər. Benzin versiyasının maksimal sürəti 250, dizel variantının isə 220 km/saat həddində məhdudlaşdırılıb.