Ford şirkəti yeni nəsil Explorer ofrouderinin avropa bazarı üçün nəzərdə tutulmuş variantını təqdim edib. yeddiyerli avtomobil elektrik ötürməsi ilə 40 kilometr qət edə bilən qoşulan hibrid olub.
Avropa bazarında ofrouder iki modifikasiyada təklif ediləcəkdir - ST-Line və Platinum. Hər iki modifikasiya tərkibinə 350 at qüvvəli 3,0-litrlik benzin mühərriki, 100 at qüvvəli elektromotor və 13,1 kilovat-saatlıq litium-ion batareya daxil olan hibrid güc qurğusu ilə təklif edilir. Güc qurğusunun ümumi hasilatı 450 at qüvvəsi və 840 Nm-dir.
Ford Explorer hibridinin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 3,4 litr, zərərli tullantıların səviyyəsi isə, bir kilometrə 78 qramdır. Güc qurğusunun batareyasını adi məişət elektrik şəbəkəsindən doldurmaq olar. Buna nə qədər zamanın tələb olunduğu dəqiqləşdirilməyib.
Yeni nəsil Explorer «rəqəmsal detoks» rejimi (displeydə yalnız gərək olan məlumat əks olunur) olan 12,3-düymlük rəqəmsal cihazlar panelinə, dairəvi videogörüntü sisteminə, yol nişanlarını tanıma funksiyasına, piyadaları aşkarlayaraq öndən toqquşmaları xəbərdar edən sistemə, zolaqda saxlama funksiyasına, avtomatik tam dayanma və start funksiyalı adaptiv kruiz-kontrola, maneələri dəf etməyə yardım edən Evasive Steering Assist yardımçısa sahib olub.
Ofrouder 10,1-düymlük ekranı olan SYNC 3 multimedia sistemi, 14 dinamiki olan B&O səs sistemi, 10 qurğunun birləşməsinə və avtomobilin bir sıra funksiyalarını smartfondan idarə etməyə imkan verən 4G LTE Wi-Fi giriş nöqtəsi ilə təchiz edilir.
Platinum variantını eksteryerin parlaq elementləri (radiator barmaqlığı və relinqlər, həmçinin salondakı ağac dekor) sayəsində tanımaq olar. ST-Line modifikasiyası isə, bu elementlərin tutqun rəngli tərtibatına, oturacaqların qırmızı tikişi, aşağı hissəsi «kəsilmiş» sükan çarxına və «karbon» salona malikdir.
Ford Explorer modelinin avropa bazarındakı satışlarına bu il başlanacaqdır. Dəqiq tarix hələlik açıqlanmayıb.