Ford şirkəti Avropa bazarı üçün nəzərdə tutulan Ranger pikapının yenilənmiş variantını təqdim edib. Model yenilənmiş mühərrik çeşidinə və təhlükəsizlik sistemlərinin genişləndirilmiş siyahısına sahib olub. Yenilənmiş Ford Ranger pikaplarının satışlarına bu ilin ortasında başlanacaq.
Ford Ranger modelinin mühərrik çeşidinə 2,0-litrlik dörd silindrli EcoBlue dizel aqreqatları daxil edilib. Bu mühərriklər sayəsində pikap 9% qənaətcil olub. Bir turbikompressora malik olan mühərriklər 130 (340 Nm) və 170 (420 Nm) at qüvvəsi, biturbo mühərrik isə, 213 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edir. Bu, çeşiddən çıxarılan 3,2 TDCi mühərrikində olduğundan 13 at qüvvəsi və 30 Nm çoxdur.
Yenilənmiş pikap bir, ikili və ya bir yarımlıq kabinalarla, standart olaraq isə tam çəkiş sistemi, piyadanı aşkarlayaraq toqquşmaların qarşısını alan sistem və «ağıllı» sürət məhdudlaşdırıcısı ilə təchiz edilir. Ranger modelinin təchizatına SYNC 3 multimedia kompleksi, 10 qurğunun qoşulmasını təmin edən Wi-Fi sistemi, avtomobili smartfondan idarə etmək funksiyası da daxil edilib.
Pikapın xarici görkəmindəki dəyişikliklər başqa formalı bamperlər və radiator barmaqlığından ibarətdir. Bahalı variantlarda işıqdiodlarından gündüz hərəkət işıqları olan ksenon fənərlər də quraşdırılır. Limited variantı qara dəri ilə örtülmüş oturacaqları, 17-düymlük diskləri, Wildtrack modifikasiyası isə Saber Orange rəngi, tündləşdirilmiş radiator və havalandırma kəsiklərinin barmaqlıqları ilə seçilir.