Bronco6g.com forumu xəbər verir ki, Ford şirkəti Bronco First Edition modelinin istehsalını iki dəfə artırmaq qərarına gəlib. Əvvəlcə, Bronco First Edition modifikasiyasının 3.500 nüsxəlik tirajla buraxılması planlaşdırılırdı, lakin təqdimatdan bir neçə saat sonra, ilk seriyadan olan modelin bütün tirajı satılıb. Bundan sonra, avtomobil istehsalçısı ilk seriyadan olan oforuderlərin sayını yeddi minə qədər artırmaq qərarını qəbul edib. Qeyd etmək lazımdır ki, bu avtomobillərin də hamısı artıq sifariş edilibdir.

Motor1 nəşrinin bildirdiyinə görə, Ford şirkətinin nümayəndələri Bronco First Edition seriyasından olan həm üçqapılı, həm də beşqapılı ofrouderlərin tamamilə satıldığını təsdiq edib. Bu modellər müvafiq olaraq, 59,305 və 63,500 dollara satılırlar. Şirkətin müştərilərin istəklərini nəzərə almasına baxmayaraq, istehsal həcmini iki dəfə artırmasından narazı qalanlar da vardır. Bronco modelinə həsr edilmiş forumda bu qərar ucbatından, məhdud saylı First Editon seriyasında olan avtomobillərin kolleksiya dəyərinin aşağı düşəcəyi barədə qəzəbli açıqlamalar dərc edilib.

First Edition təchizat səviyyəsinə malik olan ofrouderlər 315 at qüvvəli 2,7-litrlik V6 mühərriki və 10-pilləli avtomatik transmissiya ilə təchiz edilirlər. First Edition digər təchizat səviyyələrindən qızdırılan dəri oturacaqları və multimedia sisteminin 12-düymlük ekranı da daxil olmaqla genişləndirilmiş avadanlıq siyahısı ilə fərqlənir.